azturkxeber.az
http://azturkxeber.az

WUF-13 çərçivəsində Milli Kitabxanada “Şəhərsalma və Memarlıq ili” mövzusunda tədbir keçirilib

19-05-2026



19 may tarixində Azərbaycan Milli Kitabxanasında WUF-13 çərçivəsində “Şəhərsalma və Memarlıq ili” mövzusunda tədbir keçirilib. Tədbirdə ənənəvi kitab sərgisinin açılışı və “2026 – Şəhərsalma və Memarlıq ili” mövzusunda elektron sərginin (Azərbaycan və ingilis dillərində) təqdimatı olub.

Azturkxeber.az-ın məlumatına görə, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb və qeyd edib ki, ölkə prezidenti cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixində imzaladığı sərəncama əsasən 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib və bu qərar ölkəmizin zəngin şəhərsalma və memarlıq irsinin qorunması, milli memarlıq ənənələrinin yaşadılması, memarlıq və şəhərsalma istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Direktor bildirib ki, Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycanda şəhərsalma və memarlıq sahəsinin inkişafına xüsusi önəm verilmiş, bu istiqamətdə mühüm işlər həyata keçirilmişdir. O, qeyd edib ki, Heydər Əliyevin təşəbbüsü ilə tarixi və memarlıq abidələrinin bərpası və mühafizəsi istiqamətində mühüm addımlar atılmış, Azərbaycanın zəngin mədəni irsinin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir və bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş quruculuq işləri Ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının uğurlu davamıdır.

Professor çıxışında işğaldan azad olunan bölgələrdə son illərdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərindən ətraflı bəhs edib, həmin ərazilərdə inşa edilən yeni yaşayış kompleksləri, avtomobil yolları, müasir memarlıq üslubunda tikilən inzibati binalar, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri və digər sosial obyektlərin regionun inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb. O, həmçinin həyata keçirilən işlərin həmin ərazilərin əvvəlki həyatına qaytarılması və dayanıqlı inkişafının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

Natiq Azərbaycanın WUF13-ə (13-cü Ümumdünya Şəhərsalma Forumu – World Urban Forum) ev sahibliyi etməsinin ölkənin şəhərsalma, memarlıq və davamlı inkişaf sahəsində həyata keçirdiyi islahatların beynəlxalq səviyyədə təqdim edilməsi üçün çox vacib olduğunu vurğulayıb.

Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova öz çıxışında Milli Kitabxanada şəhərsalma və memarlıq ilə bağlı biblioqrafik və metodik vəsaitlərin hazırlanması, elektron layihələrin təşkili, həmçinin mövzu üzrə ölkədaxili və beynəlxalq miqyasda ədəbiyyatın təbliği istiqamətində görülən işlər haqqında danışıb.

Tədbirin gedişində Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “2026 – Şəhərsalma və Memarlıq ili” (https://anl.az/el/vsb/Sehersalma_ve_memarliq_ili/index.htm) mövzusunda elektron sərgi təqdim olunub. Sərgidə qədim dövrlərdən bu günə qədər Azərbaycan memarlığının keçdiyi inkişaf yolu, şəhərsalma ənənələri, tarixi şəhərlərimiz, memarlıq abidələri, xalq yaşayış məkanlarının özünəməxsus xüsusiyyətləri, tikinti və mühəndislik sənəti, milli memarlıq elementləri, görkəmli memarların fəaliyyəti və onların yaratdığı abidələr haqqında məlumatları özündə əks etdirən kitablar, rəsmi sənədlər, fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim edilir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri ilə bağlı nəşrlər və məqalələr də sərgidə yer alır.

Sonda tədbir iştirakçıları ənənəvi kitab sərgisi ilə tanış olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031