Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin antinarkotik təbliğat sahəsində fəaliyyətin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində Nəsimi rayonu 54, 111 və 159 nömrəli tam orta məktəblərdə, eləcə də Texniki-Humanitar Liseydə “Narkomaniya sosial bəladır” və “Zərərli vərdişlərə yox deyək” mövzularında maarifləndirici-profilaktik görüşlər təşkil olunub.
Azturkxeber.az xəbər verir ki, tədbirlərdə Polis Akademiyasının Mülki hüquq kafedrasının müəllimi, polis baş leytenantı İmamverdi Rəhimov, Nəsimi Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin inspektorları – polis mayoru Yeganə Zeynalova, polis mayoru Əhməd Zeynalov, polis baş leytenantı Fərid Quliyev, həmçinin məktəblərin pedaqoji kollektivləri və 8-11-ci sinif şagirdləri iştirak ediblər.
Çıxış edən İ.Rəhimov narkomanlığın cəmiyyət üçün yaratdığı təhlükələr, narkotik vasitələrin insan sağlamlığına və sosial həyata mənfi təsirləri, bu növ hüquqpozmalara səbəb olan amillər, eləcə də zərərli vərdişlərdən qorunma üsulları barədə ətraflı məlumat verib.
Tədbirlər zamanı son dövrlərdə ümumtəhsil müəssisələrində müşahidə olunan neqativ hallar, yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən müxtəlif hüquqpozmalar və onların hüquqi nəticələri barədə də geniş müzakirələr aparılıb. Şagirdlərə soyuq silah hesab edilən və ya kəsici-deşici alətlərin üzərlərində daşınmasının yaratdığı təhlükələr, həmçinin bu əməllərə görə nəzərdə tutulan məsuliyyət tədbirləri izah olunub, onlarla maarifləndirici və mənəvi-psixoloji söhbətlər aparılıb.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, iştirakçılarla xatirə fotoşəkilləri çəkdirilib. Maarifləndirici tədbirlər məktəblilər və təhsil müəssisələrinin rəhbərlikləri tərəfindən maraqla qarşılanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.