FHN Qarabağ Universitetində ekoloji risklərin idarə edilməsinə həsr olunmuş konfrans keçirib



Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Qarabağ Universitetində “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda konfrans keçirilib.
Azturkxeber.az-ın məlumatına görə, konfransda Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi Nümayəndəliyinin, aidiyyəti nazirliklərin və dövlət qurumlarının mülki müdafiə sahəsi üzrə məsul şəxsləri, həmçinin yerli idarə və təşkilatların səlahiyyətli nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdən əvvəl iştiakçılar FHN-ə məxsus xüsusi kimya təyinatlı və fərdi mühafizə vasitələri, müasir radiasiya cihazları, eləcə də yanğınsöndürmə və xilasetmə texnikası ilə tanış olublar. Nazirliyin mütəxəssisləri qonaqlara avadanlıqların təyinatı, iş prinsipləri və fövqəladə hallar zamanı tətbiqi qaydaları barədə ətraflı məlumat veriblər.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda, əvvəlcə Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sahəsində fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov əhalinin təhlükəsizliyinin təmin edilməsində mülki müdafiə işinin əhəmiyyətindən söz açıb, bu qəbildən olan tədbirlərin sözügedən sahənin inkişafına böyük töhfə verdiyini qeyd edib.
Tədbirdə “Ekoloji risklərin idarə edilməsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti” mövzusunda çıxış edən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov vurğulayıb ki, müasir dövrdə elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən geniş istifadə edilsə də bəşəriyyət qlobal iqlim dəyişikliyinin gətirdiyi fəlakətlərdən tam sığortalanmayıb. Bu səbəbdən ekoloji risklərin qabaqcadan müəyyən edilməsi və effektiv idarə olunmasında qurumlararası koordinasiya və əhalinin hazırlanması ən vacib məsələlərdən biridir. Ekoloji risklərin effektiv idarə olunması prossesi risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, qarşısının alınması və minimuma endirilməsi mərhələlərini əhatə edir.
N.Zamanov, həmçinin tədbir iştirakçılarına Nazirliyin strukturu, fəaliyyət istiqamətləri və mülki müdafiənin əsas prinsipləri barədə də ətraflı məlumat verib. O, son illər ölkədə baş vermiş təbii və texnogen fövqəladə hadisələri, davranış qaydalarını, eləcə də bu sahədə hər bir vətəndaşın və qurumun rolunu diqqətə çatdırıb. Qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini əhalinin və ərazilərin mühafizəsinin təşkili məsələlərinə cəlb etməkdən ibarətdir.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov və Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu İdarə Heyətinin sədr müavini Rəşail İsmayılov çıxış edərək mülki müdafiə sahəsində qurumlararası qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıblar.
Sonda tədbirdə təmsil olunan dövlət qurumlarının mülki müdafiə işinin təşkili sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən əməkdaşları Fövqəladə Hallar Nazirliyi adından “Fəxri fərman”la təltif olunublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: