Azərbaycan Kazanda keçirilən beynəlxalq sərgidə iştirak edib



Russia & Islamic World Cooperation Expo 2026” sərgisində təşkil olunan “Made in Azerbaijan” stendində məhsul və xidmətlər təqdim olunub, ölkəmizin beynəlxalq ticarət və investisiya imkanları, əlverişli biznes mühiti haqqında məlumat verilib.
Azturkxeber.az xəbər verir ki, iqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan məhsulları Tatarıstanın Kazan şəhərində keçirilən “Russia & Islamic World Cooperation Expo 2026” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunub.
Stenddə Azərbaycanın kənd təsərrüfatı, sənaye və tikinti sektorlarını əhatə edən müxtəlif məhsul və xidmətlər nümayiş etdirilib. Ölkəmizin şirkətləri tərəfindən meyvə, çay, ədviyyat, zəfəran, fındıq, qənnadı məhsulları, şirələr, konserv məhsulları və mürəbbə daxil olmaqla geniş çeşiddə ərzaq məhsulları və gündəlik tələbat malları, həmçinin Xəzər dənizi sahilində yaşayış, istirahət və investisiya üçün müasir infrastruktura malik genişmiqyaslı şəhər-kurort layihəsi sərgi iştirakçılarına təqdim edilib. Stenddə Azərbaycanın əlverişli investisiya imkanları, biznes mühiti və ixrac potensialı barədə çap materialları, yerli şirkətlərin fəaliyyətini əks etdirən videoçarxlar nümayiş edilib.
Qeyd edək ki, Tatarıstanda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi dövlət rəsmilərindən ibarət Azərbaycan nümayəndə heyəti, eləcə də Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov və digər rəsmi şəxslər Azərbaycan stendi ilə tanış olublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: