13 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, həkim, yazıçı-publisist Zərifə Quliyevanın qələmə aldığı “Heydər Əliyev irsi”, “Xarüqələr yaradan qətiyyətli lider” və “Zəfər tariximizin fatehləri” kitablarının təqdimat mərasimi keçirilib.
Azturkxeber.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak edib. Mərasim Qərbi azərbaycanlı gənc rəssamların Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə başlayıb.
Akt zalında davam edən mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, Zərifə Quliyeva Azərbaycan qadınının ictimai fəallığını, vətənpərvərlik mövqeyini və dövlətçilik ənənələrinə bağlılığını öz fəaliyyətində uğurla təcəssüm etdirən ziyalılardandır.
O bildirib ki, müəllifin kitablarında milli ideologiya, dövlətçilik düşüncəsi və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi əsas istiqamətlərdən biridir. B. Muradova vurğulayıb ki, Zərifə Quliyevanın rəhbərlik və təmsil etdiyi təşkilatlar tərəfindən həyata keçirilən layihələr cəmiyyətin maariflənməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və sosial həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verir.
Tədbirdə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü Tənzilə Rüstəmxanlı, millət vəkili Vüqar İsgəndərov, fizika elmləri doktoru, professor Adilə Abbasova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə və “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədr müavini Qalib Əliyev də müəllifin yaradıcılığı və ictimai fəaliyyəti haqqında fikirlərini bölüşüblər.
Sonda kitabların müəllifi Zərifə Quliyeva çıxış edərək kitabların ərsəyə gəlməsi prosesi, üzərində aparılan araşdırmalar və nəşrlərin əsas ideyası barədə ətraflı məlumat verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.