Zəngilan şəhərinin ilk yaşayış kompleksinə köçən sakinlərlə görüşən Prezident cənab İlham Əliyevin Azərbaycan xalqının layiq olduğu Zəfərə aparan yolda keçdiyi ağır və şərəfli tarixi proseslər barədə söylədiyi fikirlər bir daha hər bir azərbaycanlıda qürur hissi yaratmaqla yanaşı anti-Azərbaycan qüvvələrinə də bir mesaj oldu.
Sözsüz ki, bu böyük Qələbənin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ötən əsrin 90-ci illərinin əvvəllərində hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat cütlüyünün səriştəsiz, qorxaq və satqın rəhbərləri dövlətimizi məhvə sürükləyirdi. Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı, ermənilər şəhər və kəndlərimizi işğal edirdi. Xalqımız böyük müdriklik göstərərək 1993-cü ildə ulu öndər Heydər Əliyevi hakimiyyətə gətirdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətini parçalanmaqdan xilas etdi, güclü dövlət qurmaq konsepsiyasını yaratdı. O, hər zaman torpaqlarımızı işğaldan azad edəcəyimizi və mütləq bu torpaqlara qayıdacaqmızı vurğulayırdı. Heydər Əliyev siyasi kursunu rəhbər tutaraq inkişaf etdirən Prezident cənab İlham Əliyev bütün çıxışlarında bir nömrəli vəzifəsinin torpaqlarımızı işğaldan azad etmək olduğunu vurğulayırdı. Hər zaman Prezidentimizin ətrafında sıx birləşən xalqımız 2020 və 2023- cü illərdə də öz Liderinin ətrafında dəmir yumruq kimi birləşərək torpaqlarımızı işğaldan azad etdi, suverenliyimiz və ərazibütövlüyümüz bərpa olundu. Torpaqlarımızı işğalda saxlamaq üçün bir sıra beynəlxalq təşkilatlar və dövlətlər əllərindən gələni əsirgəmirdilər. Prezident cənab İlham Əliyev Zəngilan sakinləri ilə görüşdə ATƏT-in Minsk qrupunun da Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən fəaliyyət apardığını vurğuladı. Minsk qrupunun məqsədi bu münaqişəni sonsuzluğa qədər uzatmaq və bizi işğalla barışmağa sövq etmək idi. Prezident cənab İlham Əliyev Minsk qrupunun fəaliyyətini tamamilə neytrallaşdıraraq böyük iradə, qətiyyət və müdriklik nümayiş etdirdi, xalqımıza böyük Zəfəri ərmağan etdi. Prezident cənab İlham Əliyev Azərbaycan dövlətini müharibədə qalib etməklə yanaşı Cənubi Qafqaz regionunda sülhü, sabitliyi bərqərar etdi. Müharibədən əvvəl, müharibə zamanı və postmüharibə dövründə olduğu kimi bu gün də Prezident Makron və onun Administrasiyası bu reallığı qəbul etmək istəmir. Artıq dünya ictimaiyyəti, eləcə də nəhəng və qüdrətli dövlətlər Azərbaycanın sülh təşəbbüsünü dəstəkləyir.
Bu gün Zəngilan işğaldan azad edilmiş digər ərazilərimiz kimi yenidən qurulur və daha da inkişaf etdirilir. Artıq Zəngilan tək Azərbaycan üçün deyil, Avrasiya məkanı üçün də strateji mərkəzə çevrilməkdədir. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat qovşağı Zəngilandan keçəcək. Şimaldan Cənuba, Şərqdən' Qərbə daşınan yüklər Zəngilandan keçəcək ki, bu da rayonun inkişafına, eləcə də Azərbaycanın iqtisadiyyatına böyük töhfələr verəcək.
Prezident cənab İlham Əliyevin vurğuladığı kimi Zəngilandan keçən Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Azərbaycanın əsas hissəsi ilə birləşəcək və Avropanı Asiya ilə birləşdirən Orta dəhlizin bir hissəsinə çevriləcək. Bu tək region dövlətləri üçün deyil, Avrasiya məkanında yerləşən ölkələr üçün də çox önəmli olacaq. Zəngilanda çıxışı zamanı ölkə başçımız bir daha dünyaya bəyan etdi ki, Azərbaycan regionda sülhün, sabitliyin yaranması siyasətini həyata keçirir və heç bir xarici qüvvə bizi bu yoldan döndərə bilməz.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.