azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

04-05-2026


Mayın 4-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqla görüşüb.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, qonağı növbəti dəfə Azərbaycanda görməkdən məmnunluğunu bildirən spiker Sahibə Qafarova PAİ-nin Milli Məclislə uğurlu əməkdaşlıq etdiyini, xüsusilə 2021-ci ildən etibarən Azərbaycan parlamenti deputatlarının PAİ-də daha da fəallaşdıqlarını və bu qurumda rəhbər vəzifələrdə təmsil olunduqlarını diqqətə çatdırıb. Spiker Milli Məclisin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığından və Baş katib Martin Çunqonqun bu əməkdaşlığa dəstək verməsindən razılıqla danışıb. Spiker həm qarşılıqlı əməkdaşlığın inkişafı baxımdan, həm də Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşlərinin təşkilində göstərdiyi səylərə görə PAİ-nin Baş katibinə minnətdarlığını bildirib. Bu görüşlərin xalqlar arasında etimadın qurulması prosesinə parlamentlərin töhfəsi olduğunu qeyd edən spiker Sahibə Qafarova Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklər edildikdən sonra tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına və bunun da parlamentlər arasında əməkdaşlıq üçün daha geniş imkan yaradacağına inamını ifadə edib.

PAİ-nin insanların bir-birini dinləyə biləcəyi və dialoq qurduğu çox mühüm bir platforma olduğunu deyən Milli Məclisin sədri Prezident İlham Əliyevin PAİ ilə əlaqələrin inkişafına verdiyi dəstəyin və göstərdiyi diqqətin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Xoş sözlər üçün təşəkkürünü bildirən PAİ-nin Baş katibi Martin Çunqonq onun bu quruma rəhbərlik etdiyi dövrdə PAİ-Azərbaycan əlaqələrinin transformasiya olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan PAİ ilə əlaqələrin inkişaf etdirilməsinə həmişə sadiq olub. O, deyib ki, bu gün Azərbaycan bu qurumda öz fəaliyyəti ilə diqqəti cəlb edir. Baş katib Azərbaycanın PAİ-nin tədbirlərində fəal iştirak etdiyini, Milli Məclisin nümayəndələrinin rəhbər vəzifələrdə təmsil olunduğunu, tərəflər arasında uğurlu əməkdaşlığın mövcud olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycan Milli Məclisi sədrinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə rəhbərliyi həm Şəbəkənin inkişafı, həm də onun PAİ ilə əlaqələrinin inkişafında böyük rol oynayıb.

Qeyd olunub ki, iki ölkə arasında sülh prosesi çərçivəsində Azərbaycan və Ermənistan parlamentləri arasında dialoqun yaradılmasına nail olunması PAİ-nin əsas məqsədi olan sülhə xidmət edir. Qonaq Prezident İlham Əliyevin PAİ ilə əməkdaşlığa verdiyi mühüm dəstəyə görə təşəkkürünü bildirib və diqqətə çatdırıb ki, onun bu səfəri Azərbaycanın bu quruma etimadının və inamının bir göstəricisidir.

Söhbət zamanı Baş katib Azərbaycanda COP29 çərçivəsində keçirilmiş Parlament konfransında əldə edilmiş uğurları yüksək qiymətləndirib. Bildirib ki, bu uğurlar sayəsində bütün dünya parlamentlərin səfərbərlik gücünün şahidi oldu.

Görüşün sonunda parlamentlər arasında konstruktiv dialoqun və səmərəli əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə, Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə verdiyi töhfələrə görə PAİ-nin Baş katibi Martin Çunqonq Milli Məclisin Fəxri Medalı ilə təltif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031