Bakı Türkologiya Qurultayı 100-cü ilində eyni salonda anılacaq

Türkologiya tarixinin mühüm dönüş nöqtələrindən biri olan 1926-cı il Bakı Türkologiya Qurultayı yüz il sonra yenidən eyni şəhərdə və eyni tarixi məkanda keçiriləcək anım tədbiri ilə yad ediləcək.
Azturkxeber.az xəbər verir ki, Yunus Emre İnstitutu, Türk Dil Qurumu, Marmara Universitetinin Türkiyat Araşdırmaları İnstitutu, Xəzər Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçiriləcək “Bakı Türkologiya Qurultayının 100 illiyi – Anım tədbiri” 27–28 fevral 2026-cı il tarixlərində Bakıda baş tutacaq.
1926-cı ildə türk dünyasının ortaq dil, əlifba və elmi metod axtarışlarına istiqamət verən Bakı Türkologiya Qurultayının elmi, mədəni və intellektual irsini yenidən nəzərdən keçirmək məqsədi daşıyan proqram çərçivəsində türkologiyanın yüz illik inkişaf yolu tarix, mədəniyyət və ədəbiyyat kontekstində təhlil ediləcək.
Anım tədbirinin yüz il əvvəl ilk qurultayın keçirildiyi və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi tarixi binada, eyni salonda və mümkün olduğu halda eyni vaxtda başlanması planlaşdırılır. Bu baxımdan tədbir yalnız elmi toplantı deyil, həm də tarixi yaddaşa ehtiramın rəmzi ifadəsi kimi qiymətləndirilir.
Türkiyə, Azərbaycan, Özbəkistan, Tatarıstan, Moldova və Albaniyadan 60-dan artıq alimin iştirakı ilə keçiriləcək tədbir fənlərarası yanaşma əsasında təşkil olunacaq. Türk dili, ədəbiyyatı, tarix, mədəniyyət və folklor sahələrini əhatə edən ümumilikdə doqquz paneldə türkologiyanın müasir istiqamətləri müzakirə ediləcək.
Panellər Mahmud Kaşgarlı, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Abay Kunanbayev, Mağcan Cumabayev, Bəkir Çobanzadə, Əhməd Cəfəroğlu, Nəsib bəy Yusifbəyli və Ayaz İshakinin adına həsr olunacaq. Qurultay çərçivəsində təqdim olunacaq məruzələrin kitab halında nəşri nəzərdə tutulur.
26 fevral – 6 mart 1926-cı il tarixlərində Bakıda keçirilmiş ilk Türkologiya Qurultayı türk dünyasında əlifba birliyi, ortaq terminologiya və elmi əlaqələndirmə baxımından ən mühüm mərhələlərdən biri hesab olunur. 131 nümayəndənin iştirak etdiyi qurultayda latın əlifbasına keçid prinsipi qəbul edilmiş, ana dilində təhsil, tarix və folklor tədqiqatlarının əlaqələndirilməsi ilə bağlı strateji qərarlar verilmişdi.
Qurultay yalnız elmi toplantı deyil, həm də türk xalqlarının mədəni yaxınlaşması və müasirləşməsi baxımından tarixi əhəmiyyət daşıyan hadisə kimi dəyərləndirilir.
Tədbirə Türkiyə və Azərbaycan başda olmaqla müxtəlif ölkələrdən nazirlərin, akademiya rəhbərlərinin, universitet rektorlarının və beynəlxalq təşkilat nümayəndələrinin qatılması gözlənilir. Proqram türk dünyasında elmi əməkdaşlığın gücləndirilməsini və türkologiya sahəsində yeni istiqamətlərin müzakirəsini hədəfləyir.
Yüz il əvvəl Bakıda atılan ortaq elm və mədəniyyət addımı bir əsr sonra yenidən eyni şəhərdə və eyni ruhda anılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: