Post-liberal xaos və Bakı faktoru: Müharibələr xəritəsində təhlükəsizlik paradoksu


Hazırda dünyada gedən müharibələrin əksəriyyəti coğrafi baxımdan bizə çox yaxındır. Daxili silahlı münaqişələri də nəzərə alsaq, hazırlanan xəritə yaşadığımız regionun nə qədər riskli bir məkanda yerləşdiyini açıq şəkildə göstərir. Təxminən 2 min kilometr radiusda 5–6 aktiv müharibə ocağının mövcudluğu artıq təsadüf sayıla bilməz.
Bu mənzərə beynəlxalq münasibətlər nəzəriyyələri baxımından necə izah olunur?
Realist yanaşmaya görə, bu vəziyyət beynəlxalq sistemin anarxik mahiyyətinin təbii nəticəsidir. Qlobal siyasətdə normlar yox, hərbi-siyasi reallıqlar həlledici rol oynayır. Güc balansı pozulduqda müharibə qaçılmaz olur.
Neorealizmin banilərindən Kenneth Waltz isə bölgədəki gərginliyi böyük güclərin toqquşma zonası ilə izah edir. ABŞ–Rusiya–Çin üçbucağında qalan Yaxın Şərq və Şərqi Avropa daimi təzyiq altındadır. Azərbaycan da bu geosiyasi xəttin bir hissəsi kimi risk zonasına daxildir.
Liberalist yanaşma bu mənzərəni qlobal nizamın və beynəlxalq institutların uğursuzluğu kimi qiymətləndirir. Onların fikrincə, qarşılıqlı asılılıq və institutlar müharibəni önləmək gücündə olmadı.
Konstruktivistlərə görə, regionda əsas problem dövlətlərin və cəmiyyətlərin güclü milli kimlik mübarizəsidir. Tarixi yaddaş, identiklik və təhlükəsizlik anlayışları silahlı qarşıdurmaları qidalandırır.
Klassik geosiyasi yanaşmalar – Makinder və Spaykman nəzəriyyələri isə baş verənləri Heartland və Rimland arasında davam edən strateji savaşın yeni mərhələsi kimi izah edir.
Xəritənin ümumi təhlili göstərir ki, beynəlxalq sistem artıq post-liberal xaos mərhələsinə daxil olub. Müharibələr lokal xarakter daşımır, əksinə, bir-biri ilə sıx şəkildə əlaqəlidir və zəncirvari effekt yaradır.
Bu kontekstdə əsas sual ortaya çıxır:
Bu qədər müharibə zonasının mərkəzində Bakı necə salamat qalır?
Cavab sadə deyil, amma aydındır. Bakı öz təhlükəsizlik formulunu formalaşdırıb. Ermənistan üzərində qazanılan hərbi qələbə ilə status-kvo dəyişdirildi və paralel olaraq geosiyasətdə ciddi hərbi-siyasi müttəfiqlik münasibətləri quruldu.
Bakı balans diplomatiyasının ən nadir və uğurlu nümunələrindən birini ortaya qoydu. Regional rasionalizmin əsas qaydaları düzgün oxundu, risklər öncədən hesablandı və qərarlar emosional deyil, strateji əsasda verildi.
Bu gün Bakı yalnız coğrafi yox, siyasi baxımdan da sabitlik adası kimi fərqlənir.
Əziz Əlibəyli
Beynəlxalq münasibətlər üzrə şərhçi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: