azturkxeber.az
http://azturkxeber.az

Anım gününə həsr olunmuş tədbirdə Ulu Öndərin sosial sahəyə göstərdiyi böyük diqqətdən bəhs edilib

12-12-2025

Dekabrın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, anım günü ilə əlaqədar nazirlikdə keçirilən tədbirdə Ulu Öndərin işıqlı xatirəsi dərin hörmət və böyük ehtiramla yad edilib.

Nazir Anar Əliyev Ulu Öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, ölkəmizin bütün sahələrdə inkişafı və dünya birliyində layiqli yer tutması üçün misilsiz tarixi xidmətlərini, onun Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikamızın bütün sahələrdə dinamik inkişafını diqqətə çatdırıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev xalqın çağırışı ilə 1993-cü ilin iyun ayında yenidən Azərbaycanın rəhbərliyinə qayıdaraq, ölkəmizi dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, vətəndaş qarşıdurmasından, bütün sahələri bürümüş ağır böhran və xaosdan xilas edərək, üzunmüddətli inkişaf yoluna çıxarıb.

Ölkəmizin sosial inkişaf strategiyasını formalaşdıran Ulu Öndərin diqqət və qayğısı nəticəsində sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində atılan mühüm addımlar, 1995-2003-cü illərdə orta aylıq real əməkhaqqının 5,1 dəfə, orta aylıq nominal əməkhaqqının 6 dəfədən çox, pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə artdığı diqqətə çatdırılıb. Həmin dövrdə, həmçinin MDB-də ilk dəfə olaraq Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsinin və Demoqrafik İnkişaf Konsepsiyasının, “Məşğulluq haqqında” Qanunun, habelə sosial sahənin inkişafı ilə bağlı bir sıra qanunvericilik aktlarının qəbul edildiyi, həssas qrupların diqqət və qayğı ilə əhatə olunması üçün mühüm sosial proqramlara başlanıldığı qeyd edilib.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi Azərbaycanın bütün sahələrdə dinamik inkişafını təmin edib. 2020-ci ildə isə Azərbaycan möhtəşəm tarixi Zəfər zirvəsinə yüksəlib, Ordumuz Vətən müharibəsində şanlı tarix yazaraq, torpaqlarımızı Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad edib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

Eyni zamanda, dövlətimizin başçısının tapşırıqları əsasında sosial müdafiə və aktiv məşğulluq proqramları da dəfələrlə genişlənib. Təkcə 2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub, həmin islahatlar üçün 7, 6 milyard manat əlavə illik vəsait ayrılıb, sosial ödənişlərdə ciddi artımlar edilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısından bəhs edən filmin nümayişi ilə davam edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031