"Uşaq Hüquqları Aylığı" çərçivəsində maarifləndirici tədbir keçirilib



20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə Naxçıvan şəhər Ə.Sultanlı adına 10 nömrəli tam orta məktəbdə “Uşaqların əmək hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Azturkxeber.az-ın məlumatına görə, tədbirdə Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının əməkdaşları, həmçinin məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Çıxış edənlər iştirakçılara əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq azyaşlıların əmək fəaliyyətinə cəlb olunma qaydaları, məcburi əməyin və uşaq əməyinin istismarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər. Eyni zamanda əməyin mühafizəsi üzrə ilkin anlayışlar və təhlükəsiz davranış qaydaları iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin əsas məqsədi şagirdlərin əmək qanunvericiliyinin tələbləri, hüquq və vəzifələri barədə məlumatlandırmaq, eləcə də onlarda əməyin mühafizəsi ilə bağlı ilkin təsəvvürlərin və təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması olub.
Sonda mövzu ilə bağlı şagirdlərin sualları cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: