azturkxeber.az
http://azturkxeber.az

Bir ömrün işığında: insanlığa xidmətin ali nümunəsi- (FOTOLAR)

28-04-2026

Aprelin 28-də Nəsimi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Bir ömrün işığında: insanlığa xidmətin ali nümunəsi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov bildirib ki, Zərifə xanım Əliyevanın həyat yoluna nəzər saldıqda yalnız fədakar bir alimin deyil, eyni zamanda, zəngin mənəviyyata malik nümunəvi bir şəxsiyyətin obrazı canlanır: “Onun həyat fəlsəfəsi elmə sədaqət, insanlığa xidmət və milli-mənəvi dəyərlərə bağlılıq prinsiplərini özündə təcəssüm etdirir. Zərifə xanım Əliyevanın fəaliyyəti yalnız tibb sahəsi ilə deyil, bütövlükdə cəmiyyətin inkişafı ilə sıx bağlı olmuşdur. O, insan sağlamlığının, milli və bəşəri dəyərlərin qorunması, intellektual və vətənpərvər gənc nəslin formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir”.

Onun sözlərinə görə, Zərifə xanım Əliyeva göz xəstəliklərinin öyrənilməsi və profilaktikası sahəsində apardığı fundamental tədqiqatlarla oftalmologiya elminin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur: “Onun elmi nailiyyətləri günümüzdə aktuallığını qorumaqla müasir tibbin inkişafına dəyərli töhfələr verməkdə davam edir. Nümunəvi pedaqoq olan Zərifə xanım Əliyevanın yetişdirdiyi kadrlar bu gün Azərbaycanda və ölkə hüdudlarından kənarda uğurla fəaliyyət göstərirlər”.

Tahir Budaqov vurğulayıb ki, Zərifə xanım Əliyeva ailə dəyərlərinə xüsusi önəm verən, övladlarının tərbiyəsinə böyük məsuliyyətlə yanaşan qayğıkeş bir ana kimi yadda qalmışdır: “O, müstəqil Azərbaycan dövlətinin qurucusu, bütün mənalı ömrünü Vətəninin tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, sədaqətli və etibarlı silahdaşı olmuşdur. Məhz belə möhkəm mənəvi dəyərlər üzərində qurulmuş ailədə yetişən cənab İlham Əliyev Ulu Öndərin yoluna yüksək sədaqət nümayiş etdirməklə Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəltmişdir. O, prinsipial siyasəti ilə qloballaşma prosesinin geniş vüsət aldığı bir dövrdə xalqımızın mənəvi dəyərlərinin qorunması, milli kimliyimizin yaşadılması və ailə institutunun möhkəmləndirilməsi istiqamətində ardıcıl nailiyyətlərə imza ataraq cəmiyyətin sağlam təməllər üzərində inkişafını təmin etmişdir”.

Natiq bildirib ki, bu gün dövlət başçısının siyasi iradəsi ilə ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən tibb sahəsində ardıcıl islahatlar həyata keçirilir, səhiyyə sisteminin modernləşdirilməsi, elm və təhsilin davamlı inkişafı üçün mühüm addımlar atılır: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan humanitar layihələr də bu prosesə müstəsna töhfə olmaqla bərabər, Zərifə xanımın zəngin elmi irsinin və ideyalarının yaşadılmasına xidmət göstərir. Xüsusi qeyd etmək istərdim ki, Nəsimi rayonu ərazisində fəaliyyət göstərən Azərbaycan Tibb Universiteti də Zərifə xanım Əliyevanın əsasını qoyduğu ənənələri davam etdirərək yüksək ixtisaslı kadrların - Vətənə ləyaqətlə xidmət edən gənc həkimlərin və tədqiqatçıların formalaşmasında önəmli rol oynayır”.

“Şərəfli bir ömür yaşamış Zərifə xanım Əliyevanın işıqlı obrazı həmişə bizimlə olacaqdır. Onun əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq və zəngin mənəvi irsi nəsillərdən-nəsillərə ötürüləcəkdir”, - deyə Tahir Budaqov əlavə edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxışında bildirib ki, fədakarlığına, xeyirxahlığına və yüksək intellektinə görə insanların dərin hörmət və məhəbbətini qazanmış Zərifə xanım Əliyeva böyük ziyalı, işıqlı, nurlu şəxsiyyət idi: “Onun mənəvi dünyası olduqca zəngin idi, oftalmologiya elminin inkişafındakı xidmətləri isə əvəzsizdir”.

F.Bədəlbəyli Zərifə xanım Əliyevanın sənətə və musiqiyə bağlı olduğunu qeyd edib. Onun sözlərinə görə, sadə və təvazökar insan olan Zərifə Əliyeva hər zaman sənətkarlara qayğı ilə yanaşıb. “Onun ailəsində, evində həmişə musiqi səsi eşidilərdi. Zərifə Əliyevanın bacısı Gülarə Əliyeva məşhur “Dan ulduzu” ansamblını yaratmışdı. Zərifə xanımın özü də pianinoda çox gözəl ifa edirdi. O, Ulu Öndər Heydər Əliyevlə birlikdə tez-tez mədəni tədbirlərə, konsertlərə gələrdi. Mən özümü xoşbəxt hesab edirəm ki, Zərifə xanımı şəxsən tanımışam. Biz onun sənətkarlara diqqətini heç vaxt unutmuruq. Gənclərimiz də bilməlidir ki, tariximizdə belə dəyərli qadınlar olub”, - deyə rektor vurğulayıb.

Natiq söyləyib ki, insanların böyük sevgisini qazanmaq, özündən sonra nurlu xatirələr qoymaq çox az adamın taleyinə yazılır: “Akademik Zərifə Əliyevanın ömür kitabında Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadimlərinin taleyi yaşayır. Zərifə xanım həyatı daim mübarizələrdə keçən Ümummilli Lider Heydər Əliyevlə çiyin-çiyinə addımlayır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu gün Ulu Öndər Heydər Əliyevin və Zərifə xanımın xalqa məhəbbəti və xidməti Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində davam edir”.

Çıxış edən Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti, general-mayor Yusif Axundzadə bildirib ki, Zərifə xanım Əliyeva bənzərsiz, işıqlı bir ömür yaşayıb: “Bu işıqdan hamıya - ailəsinə, əhatəsində olan hər kəsə, gözünün nurunu itirmiş insanlara pay çatırdı. Onun ömür yolu parlaq səhifələrlə zəngindir”.

Y.Axundzadə əlavə edib ki, akademik Zərifə Əliyeva zəngin irs qoyub, öz tədqiqatları ilə Azərbaycan tibb elmini əhəmiyyətli dərəcədə irəliyə aparıb: “Zərifə xanımı xatırlayanda göz önündə mənəvi kamilliyin uca zirvəsinə yüksəlmiş görkəmli elm fədaisi canlanır. Onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazını görürük”.

Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Zərifə Əliyevanın bacısı qızı Ayəndə Adilova qeyd edib ki, Zərifə xanım Əliyeva yüksək insani keyfiyyətləri ilə Azərbaycan qadınının ideal obrazını yaradıb: “Zərifə xanım musiqisevər bir insan idi. Onun bacısı, mənim anam Gülarə Əliyeva “Dan ulduzu” instrumental ansamblını yaradandan sonra birlikdə ailə tədbirlərində tez-tez pianinoda ifa edirdilər. Musiqi onların evində daim səslənirdi”.

“Oftalmologiya elminə verdiyi töhfələrlə yanaşı, insanpərvərliyi ilə də seçilən Zərifə xanımın həyat yolu bizim üçün parlaq nümunədir”, - deyə A. Adilova əlavə edib.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra konsert proqramı təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930