Qubadlı - Zəfərlə qayıdan tarix, gələcəyə açılan üfüq

25 Oktyabr - Qubadlı Şəhəri Günü xalqımızın şanlı Zəfər tarixinin, milli birliyinin və sarsılmaz iradəsinin təntənəsidir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin Ermənistanın uzun illər davam edən işğalından azad edilməsi Vətən müharibəsinin mühüm tarixi hadisələrindən biri olmuşdur. Azərbaycan Ordusunun qəhrəmanlığı və xalq-iqtidar birliyi sayəsində qazanılan bu Qələbə Şuşaya aparan Zəfər yolunda strateji əhəmiyyət daşımışdır.
Bu gün Qubadlı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində yeni inkişaf mərhələsini yaşayır. Müasir yaşayış məhəllələrinin salınması, kəndlərin bərpası, nəqliyyat və sosial infrastrukturun qurulması, iqtisadi imkanların genişləndirilməsi bu qədim Azərbaycan diyarının dirçəlişinə xidmət edir. Doğma torpaqlara qayıdış həm də tarixi ədalətin təntənəsi, keçmiş məcburi köçkünlərin hüquqlarının bərpası və milli-mənəvi dəyərlərimizin yaşadılması deməkdir.
Qubadlı artıq həsrətin deyil, azadlığın, quruculuğun və tərəqqinin rəmzidir. Onun azadlığı dövlətimizin qüdrətini, yenidən dirçəlişi isə xalqımızın yaradıcı gücünü nümayiş etdirir.
Bu əlamətdar gündə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.
Siyavuş Novrüzov
Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: