azturkxeber.az
http://azturkxeber.az

Amerikalı kamança ifaçısı Cefrinin Bakıda yubileyi qeyd olunub

25-10-2026



Beynəlxalq Muğam Mərkəzində “Amerika Muğam Cəmiyyəti”nin sədri, amerikalı kamança və tar ifaçısı Cefri Verbokun 75 illik yubiley tədbiri keçirilib.

*AZƏRPRESS Media Group* xəbər verir ki, böyük insan izdihamı ilə keçən yubiley gecəsi tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.

Cefri Verboku Azərbaycanın dostu, milli musiqimizin dünyada böyük təəssübkeşi adlandıran Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə musiqiçinin muğam sənətinə olan dərin və böyük sevgisindən danışıb. Onun Azərbaycanın mədəni xəzinəsi olan muğama marağının gənclik illərindən başladığını və öz ifaları ilə muğam sənətini dünya ölkələrində də layiqincə təbliğ etdiyini bildirib.

"Cefri Verbok ilə bizi Azərbaycan musiqisi, Azərbaycan muğamı birləşdirir” deyən BDU-nun dosenti, BP şirkətinin veteranı Qivami Rəhimli və Milli Məclisin deputatı Məşhur Məmmədov musiqiçi barədə xoş xatirələrini bölüşüblər.

Sonra C.Verbok kamança, tar və ud ifası ilə muğamlardan müxtəlif nümunələr səsləndirib.

Konsert boyu tamaşaçılarla səmimi ünsiyyət quran Cefri Verbok hər bir ifası bitdikdən sonra, mahnı haqqında məlumat verərək, tamaşaçılarla öz təəssüratlarını bölüşüb. Azərbaycan mədəniyyətinin milli və mənəvi incisi, bənzərsiz sənət nümunəsi olan muğamın uzun illərdir pərəstişkarı və tədqiqatçısı olduğunu qeyd edən amerikalı musiqiçi bu çətin, mürəkkəb, zərif musiqini sevdiyini , həmçinin ABŞ-da və dünyanın digər ölkələrində muğamı təbliğ etməyə çalışdığını bildirib. Muğamla ilk tanışlığı, ona heyranlığı, kamança və tar ifaçılığını, muğamlarımızı hər zaman böyük maraq və sevgi ilə öyrənməsindən danışıb.

Tədbirdə 2008-ci ildə Cefri Verbokun iştirakı ilə çəkilən Azərbaycanın qaçqın düşərgələrində məskunlaşmış gənc muğam ifaçılarından bəhs edən sənədli film və bənzər üslubda hazırlanmış videoroliklər nümayiş olunub.

Qeyd edək ki, XX əsrin 90-cı illərindən etibarən Azərbaycanın muğamı bütün dünya dinləyicilərinin maraq dairəsində özünəməxsus yer tutub. Muğamlarımızın sorağını alan əcnəbi ölkə musiqiçiləri bu sahədə öz addımlarını atmağa başlayıblar. Onlardan biri də ABŞ vətəndaşı Cefri Verbokdur. Musiqiçi Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı kamança və tar ifaçısıdır. O, hazırda xarici ölkələrdə və vətəndaşı olduğu ABŞ-da Azərbaycan muğamının ən fəal təbliğatçısıdır.

Emil Məlikov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031