azturkxeber.az
http://azturkxeber.az

“Həzi Aslanov” stansiyasında təmir başa çatdı – Məkik hərəkət ləğv edilir

23-10-2026

“Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri başa çatdı: “Həzi Aslanov-Əhmədli” mənzilində məkik hərəkət yaxın günlərdə ləğv ediləcək.

Azturkxeber.az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb.

Dalan yolunun təkrar istismara verilməsi ilə yaxın günlərdə “Həzi Aslanov–Əhmədli” mənzilində məkik hərəkət ləğv olunacaq. “İçərişəhər–Həzi Aslanov” sahəsində qatarların hərəkəti təmirdən əvvəlki qaydada bərpa ediləcək. Beləliklə, Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə təşkil edəcək.

Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

1981–1987-ci illərdə inşası aparılan yol dalanının konstruksiya izolyasiyası 20 ildən artıq istismar dövründə qrunt suları və torpaq erroziyası səbəbindən sıradan çıxmış, güclü korroziyaya uğramışdı.

Aparılan kompleks yenidənqurma çərçivəsində tavan istisna olmaqla, ümumi uzunluğu 1 km-ə yaxın olan dalanın bütün infrastrukturu tam sökülərək yenidən inşa edilib. 6 vaqonlu qatarların qəbulunu təmin etmək üçün hər yol 20 metr uzadılıb.

Gücləndirmə işləri çərçivəsində qrunt, yağıntı və kommunikasiya xətlərindən gələn suların təsirini önləmək üçün 1,5–2 m dərinlikdə məhlulvurma aparılıb, yan və orta divarlar pilləli sökülərək yeni beton konstruksiyalarla əvəzlənib, antikorroziya tədbirləri görülüb. Bakı metropoliteni tarixində ilk dəfə tavanın dözümlülüyünü artırmaq üçün xüsusi sınaqlardan keçmiş karbon lifli materiallardan istifadə olunub, tunel geyiminin arxasında inyeksiya üsulu ilə gücləndirmə aparılıb, divar və tavana mühafizə boyası vurulub.

Yol infrastrukturunda döşəmə örtüyü gücləndirilərək yeni yol yatağı salınıb. Ağac şpallar dəmir-beton bloklu ballastsız yollarla əvəzlənib, 6 yeni yoldəyişdirici qurğu monolit özül üzərində quraşdırılıb. Müasir alüminium əsaslı təmas relsi isə elektrik enerjisinə qənaət etməyə və qulluğu asanlaşdırmağa imkan verir. Eyni zamanda rabitə, elektrik təchizatı, fiber-optik kabellər, yanğın mühafizəsi, videomüşahidə, sanitariya, su-kanalizasiya və havalandırma sistemləri tam yenilənib.

Həyata keçirilən bu layihə metropolitenin mühüm istismar sahəsini texniki cəhətdən müasirləşdirməyə, sərnişindaşımanın keyfiyyətini, təhlükəsizliyini və uzunömürlülüyünü təmin etməyə xidmət edir.

Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanında dayanıqlılığın artırılması layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031