İnsan toxumalarının analizi yaşlanmaya ən həssas orqanı müəyyən edib
Elmi ədəbiyyatdan məlumdur ki, insan orqanizmində yaşlanma bərabər şəkildə baş vermir. Çin Xalq Respublikasından olan geniştərkibli genetik və tibb mütəxəssislərindən ibarət qrup bu sahəyə yeni töhfə verib. Onlar insan orqanizminin müxtəlif hissələrini olan damarlar, ürək və digər daxili orqanlardan tutmuş, dəri, əzələlər və qanadək əhatə edən 13 növ toxumadan 516 nümunə üzərində kompleks proteom və histoloji analiz aparıblar. Bu nümunələr yaşları 14-dən 68-ə qədər olan və qəzalar nəticəsində kəllə-beyin travmalarından vəfat etmiş 76 çinlidən götürülüb.
Tədqiqatın nəticələri “Cell” jurnalında dərc olunub.
Tədqiqatçılar hər bir nümunədəki zülal tərkibini və bu zülalların zamanla necə dəyişdiyini öyrənərək, xəstəliklərlə əlaqəli 48 zülal birləşməsinin yaş artdıqca ekspressiyasının yüksəldiyini müəyyən ediblər. İlk nəzərəçarpacaq dəyişikliklər təxminən 30 yaşında bir çox mühüm hormonları ifraz edən böyrəküstü vəzidə müşahidə olunub.
Lakin toxumalardakı zülal dəyişiklikləri ən çox 45-55 yaş aralığında nəzərə çarpıb. Alimlər bu dövrü yaşlanmanın sürətləndiyi həlledici məqam kimi qiymətləndiriblər və təqribən 50 yaşın kritik dönüş nöqtəsi olduğunu bildiriblər.
Yaşla əlaqədar aşınmaya ən həssas orqan isə qan damarları, xüsusilə də oksigenlə zənginləşdirilmiş qanı ürəkdən bədənə daşıyan əsas arteriya olan aorta olub. Paralel olaraq, zülal səviyyəsində əhəmiyyətli dəyişikliklər mədəaltı vəzidə və dalaqda da müşahidə edilib ki, bu da yəqin ki, maddələr mübadiləsi və immun funksiyaların yaşla pisləşməsi ilə əlaqəlidir.
Tədqiqatçılar həmçinin yaşlandıqca toxumalarda artan spesifik “yaşlanma zülalları” müəyyən ediblər. Aorta və qanda səviyyəsi yüksələn GAS6 zülalında əlavə təcrübələr aparılıb. İnsan damar hüceyrələri (endotel və hamar əzələ hüceyrələri) və siçanlar üzərində aparılan təcrübələr göstərib ki, GAS6-nın orqanizmə yeridilməsi sürətli yaşlanma əlamətlərinin yaranmasına səbəb olur. Alimlər belə nəticəyə gəliblər ki, qan damarları təkcə yaşla aşınmaya məruz qalmır, eyni zamanda qan dövranı vasitəsilə yaşlanma ilə əlaqəli molekulların bütün orqanizmə yayılmasında da iştirak edir.
Çinli tədqiqatçılar 50 yaşı dönüş nöqtəsi kimi müəyyən etmələrinə baxmayaraq, daha əvvəl digər alimlər yaşlanmada müxtəlif dönüş nöqtələri qeyd ediblər. Məsələn, Stanford Universitetindən olan alimlər 25–75 yaş arasında olan yüzlərlə insanın çoxölçülü profilinin nəticələrinə əsaslanaraq belə dönüş nöqtələrinin 44 və 60 yaş olduğunu qeyd ediblər. Bundan əlavə, 80 yaş ətrafında da yaşlanmanın sürətləndiyi müşahidə olunub.