Qanunsuz mərc oyunları təşkil edən cinayətkar dəstə ifşa olunub
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən ölkə ərazisində qanunsuz onlayn mərc oyunları təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.
Nazirliyin mətbuat xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, kiberpolisin həyata keçirdiyi tədbirlərlə ölkə ərazisində fəaliyyəti qadağan olunmuş “1xBet” platforması vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etməkdə təqsirli bilinən Camal Əhmədov, onun rəhbərliyi altında fəaliyyət göstərən Hacıəkbər Abbaszadə, Seyfəddin İsmayılov, Nəbi Abdullayev və Emil Abbaslı saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, C.Əhmədov Bakı şəhərinin Xətai rayonu ərazisində mənzil icarəyə götürərək “1xBet” saytı üzərindən “BakuCash” profili ilə qanunsuz onlayn mərc oyunları təşkil edib. Bu qanunsuz fəaliyyətə isə müştərilər əsasən “Telegram” tətbiqi vasitəsilə cəlb olunublar. Qeyd edilən ünvana baxış zamanı qumar oyunlarının təşkili və idarəolunmasında istifadə edilən çoxsaylı mobil telefonlar, bank kartları və digər elektron sübutlar aşkar edilərək götürülüb. İlkin araşdırmalarla dəstə üzvlərinin qanunsuz dövriyyəsinin 1 milyon manatdan artıq olduğu müəyyən edilib.
Faktla bağlı KMBİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. C.Əhmədov, S.İsmayılov, N.Abdullayev və E.Abbaslı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Vətəndaşlara bir daha müraciət edərək onları sosial şəbəkələr və müxtəlif internet platformaları vasitəsilə təklif olunan qanunsuz mərc oyunlarında iştirak etməməyə çağırırıq. Belə platformalar insanların maddi ziyana məruz qalmasına və şəxsi məlumatlarının ələ keçirilməsinə səbəb olur. Bu baxımdan, vətəndaşlara “1xBet” və digər oxşar qanunsuz onlayn mərc saytlarından uzaq durmağı, belə hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına məlumat verməyi tövsiyə edirik”, - deyə məlumatda vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: