azturkxeber.az
http://azturkxeber.az

Milli dövlətçiliyin bərpasından demokratik cəmiyyətə gələn yol

27-05-2026

28 May Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik təqvimində mühüm siyasi bayram olmaqla yanaşı, milli iradənin, azadlıq ideyasının və müasir dövlətçilik düşüncəsinin hüquqi-siyasi ifadəsini özündə əks etdirən əlamətdar tarixdir. Bu gün yalnız müstəqil dövlətin yaradılmasını xatırladan tarix kimi qiymətləndirilmir. Onun mahiyyətində xalqın öz müqəddəratını müəyyən etmək hüququnun həyata keçirilməsi, demokratik idarəçilik prinsiplərinin formalaşdırılması və insan hüquq və azadlıqlarına əsaslanan dövlət modelinin təməlinin qoyulması dayanır.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə milli dövlətçilik düşüncəsi yeni siyasi məzmun qazanmış, xalq hakimiyyəti, hüquq bərabərliyi və demokratik idarəetmə prinsiplərinə əsaslanan dövlət modelinin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Sonrakı dövrlərdə tarixi və siyasi proseslərin təsiri ilə dövlətçilik ənənələrinin inkişaf trayektoriyası dəyişsə də, müstəqillik ideyası xalqın ictimai-siyasi düşüncəsində öz əhəmiyyətini qoruyub saxlamışdır.

XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, hüquqi dövlət quruculuğu, demokratik institutların möhkəmləndirilməsi və insan hüquqlarının müdafiəsinin institusional əsaslarının yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Müasir mərhələdə insan hüquqlarının təmin olunması dövlət siyasətinin prioritet sahələrindən birinə çevrilmiş, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və müstəqil institutların fəaliyyətinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılmışdır.

AXC: demokratik dövlətçilik və insan haqları ənənəsi

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı olmuşdur. Bu tarixi hadisə yalnız müstəqil dövlətin qurulması ilə məhdudlaşmamış, milli siyasi düşüncənin, xalq hakimiyyəti ideyasının və müasir dövlətçilik prinsiplərinin real siyasi-hüquqi müstəviyə keçməsinin mühüm göstəricisinə çevrilmişdir. Uzun müddət davam edən mürəkkəb ictimai-siyasi proseslərdən sonra Azərbaycan xalqı öz müqəddəratını müstəqil şəkildə müəyyən etmək imkanı qazanmış, dövlət hakimiyyətinin təşkili, hüquqi idarəçilik və vətəndaş cəmiyyəti münasibətlərinə dair yeni yanaşma ortaya qoymuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması yalnız region miqyasında deyil, bütövlükdə dünya siyasi tarixində mühüm hadisələrdən biri kimi dəyərləndirilir. Şərqdə və müsəlman dünyasında ilk parlamentli respublikanın qurulması həmin dövr üçün mütərəqqi siyasi qərar olmaqla yanaşı, demokratik dövlətçilik modelinin gerçəkləşdirilməsi baxımından da mühüm addım idi. Cümhuriyyət qurucuları dövlət idarəçiliyini müasir hüquqi və siyasi prinsiplər əsasında formalaşdırmağa çalışır, hakimiyyətin legitimliyini xalq iradəsi ilə bağlayırdılar.

Azərbaycan Milli Şurasının qəbul etdiyi “İstiqlal bəyannaməsi” dövlət quruculuğunun hüquqi və siyasi əsaslarını müəyyən edən fundamental sənəd kimi xüsusi əhəmiyyət daşıyırdı. Bu sənəddə dövlət hakimiyyətinin xalqa məxsusluğu, Azərbaycanın tamhüquqlu müstəqil dövlət kimi fəaliyyət göstərməsi, vətəndaşların hüquq bərabərliyinin təmin olunması və ölkə ərazisində yaşayan xalqların sərbəst inkişafı üçün şərait yaradılması kimi mühüm müddəalar təsbit edilmişdi. Həmin prinsiplərin yeni yaranmış respublikanın dövlət idarəçiliyi konsepsiyasında əsas yer tutması Azərbaycan dövlətçilik təfəkkürünün yetkinliyini və mütərəqqi mahiyyətini aydın şəkildə nümayiş etdirirdi.

“İstiqlal Bəyannaməsi”ndə ifadə olunan bu yanaşma AXC-nin sonrakı fəaliyyətində də özünü göstərmişdir. Vətəndaşların etnik mənsubiyyətindən, dini baxışlarından, sosial mövqeyindən və digər fərqləndirici xüsusiyyətlərindən asılı olmayaraq bərabər hüquqlara malik olması ideyası dövlət siyasətinin mühüm mənəvi-hüquqi dayaqlarından biri kimi qəbul edilirdi. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin yalnız milli istiqlal ideyasına əsaslanan siyasi model olmadığını, həm də insan ləyaqətinə, hüquqi bərabərliyə və ədalətli ictimai münasibətlərə söykənən dövlətçilik ənənəsi formalaşdırmağa çalışdığını göstərirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin dünya siyasi və hüquqi tarixində mühüm yer tutan qərarlarından biri qadınlara seçmək və seçilmək hüququnun verilməsi olmuşdur. Həmin dövrdə bir sıra inkişaf etmiş ölkələrdə qadınların siyasi hüquqları ilə bağlı məhdudiyyətlər mövcud olduğu halda, Azərbaycanda qadınların seçki hüququ qanunvericilik səviyyəsində tanınmışdı. Bu tarixi addım Cümhuriyyətin insan amilinə, hüquq bərabərliyi prinsipinə və cəmiyyətin demokratik inkişafına verdiyi yüksək dəyərin mühüm göstəricisi idi.

Milli hökumət dövründə dövlət institutlarının formalaşdırılması istiqamətində görülən işlər də xüsusi əhəmiyyət daşıyırdı. Parlamentin fəaliyyəti, çoxpartiyalı siyasi sistemin təşəkkülü, milli ordunun yaradılması, təhsil sahəsində islahatların aparılması və hüquqi idarəetmə mexanizmlərinin qurulması dövlət quruculuğunun əsas dayaqlarını təşkil edirdi. Cümhuriyyətin qısa fəaliyyət dövrü qarşıya qoyulmuş bütün məqsədlərin tam reallaşdırılmasına imkan verməsə də, həmin mərhələdə formalaşmış siyasi-hüquqi yanaşmalar milli dövlətçilik ənənələrinin sonrakı inkişafına mühüm təsir göstərmişdir.

Mürəkkəb beynəlxalq və regional siyasi şərait Azərbaycan Xalq Cümhuriyyətinin uzun müddət fəaliyyət göstərməsinə imkan vermədi. 1920-ci il aprelin 28-də AXC süquta uğradı və Azərbaycan sovet hakimiyyəti sisteminə daxil edildi. Sonrakı təxminən yetmiş il ərzində ölkə Sovet İttifaqının tərkibində olsa da, milli dövlətçilik ideyası xalqın tarixi yaddaşından silinmədi. Müstəqillik ənənələri, milli kimlik və dövlətçilik düşüncəsi müxtəlif formalarda qorunub saxlanıldı, XX əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi üçün mühüm mənəvi-siyasi zəmin yaratdı.

Bu tarixi varislik müstəqilliyin bərpasından sonra Azərbaycan dövlətçiliyinin yeni siyasi və hüquqi məzmun qazanmasında mühüm rol oynadı. Cümhuriyyət dövründə əsası qoyulmuş demokratik idarəçilik, xalq hakimiyyəti, hüquq bərabərliyi və insan ləyaqətinə hörmət kimi prinsiplər müasir Azərbaycan dövlətinin hüquqi dövlət quruculuğu xəttində yeni tarixi şəraitə uyğun şəkildə davam etdirildi.

Müstəqilliyin bərpası və çağdaş Azərbaycan dövlətçiliyi

XX əsrin sonlarında beynəlxalq siyasi sistemdə baş verən ciddi dəyişikliklər Azərbaycan xalqının milli dövlətçilik iradəsinin yenidən gerçəkləşməsi üçün tarixi şərait yaratdı. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan dövlət müstəqilliyini bərpa edərək, özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etdi. Bununla milli dövlətçilik tarixində yeni mərhələnin əsası qoyuldu.

Lakin müstəqilliyin hüquqi sənədlərlə təsbit edilməsi onun real siyasi, iqtisadi və institusional məzmunla möhkəmləndirilməsini zəruri edirdi. İlk illərdə ölkə mürəkkəb ictimai-siyasi və iqtisadi proseslərlə üzləşmişdi. Ermənistanın hərbi təcavüzü, torpaqların işğalı, daxili siyasi qarşıdurmalar, iqtisadi tənəzzül və idarəetmə sistemində yaranmış problemlər dövlətçilik üçün ciddi çağırışlar doğururdu.

Dövlətçilik tariximizdə 15 İyun Milli Qurtuluş Günü xüsusi siyasi və tarixi əhəmiyyətə malikdir. Müstəqilliyin ilk illərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət dövlət müstəqilliyinin gələcəyini ciddi sınaq qarşısında qoymuşdu. Ermənistanın hərbi təcavüzü, torpaqların işğalı, daxili siyasi qarşıdurmalar, iqtisadi tənəzzül və idarəetmə sahəsində müşahidə olunan problemlər yeni bərpa edilmiş dövlətçiliyin möhkəmləndirilməsini zəruri edirdi.

Belə bir şəraitdə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı milli dövlətçilik ənənələrinin qorunması, sabitliyin təmin edilməsi və ölkənin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından dönüş nöqtəsinə çevrildi. Həmin mərhələdə qarşıda duran əsas vəzifə yalnız siyasi böhranın aradan qaldırılması ilə məhdudlaşmırdı.

Dövlət hakimiyyətinin səmərəli fəaliyyətinin təmin edilməsi, ictimai etimadın bərpası, vətəndaşların təhlükəsizliyinin qorunması və hüquqi idarəçilik mexanizmlərinin işlək vəziyyətə gətirilməsi müstəqil dövlətin gələcək inkişafı üçün həyati əhəmiyyət daşıyırdı. Çünki hüquqi institutların zəif fəaliyyət göstərdiyi, idarəetmə mexanizmlərinin ardıcıl işləmədiyi şəraitdə insan hüquq və azadlıqlarının etibarlı təminatı da çətinləşir. Bu mənada 1993-cü ildən başlanan yeni siyasi mərhələ dövlət müstəqilliyinin real məzmunla möhkəmləndirilməsi baxımından həlledici təsirə malik oldu.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, qanunçuluğun möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl islahatlar həyata keçirildi. Dövlətçiliyin qorunması, milli maraqların müdafiəsi, hüquqi institutların inkişafı və vətəndaşların hüquqlarının təmin olunması həmin dövrün əsas prioritetləri sırasında yer aldı. Məhz bu mərhələdə müstəqil Azərbaycanın hüquqi və institusional əsasları daha sistemli şəkildə formalaşmağa başladı.

Bu proses hüquqi sistemin yenilənməsi və qanunvericilik bazasının müasir dövlətçilik prinsiplərinə uyğun qurulmasını da əhatə edirdi. Məhkəmə-hüquq islahatları, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquqları sahəsində beynəlxalq standartların milli hüquq sisteminə inteqrasiyası və vətəndaşların hüquqlarının müdafiəsi mexanizmlərinin inkişaf etdirilməsi hüquqi dövlət modelinin formalaşmasına xidmət edən əsas amillərdən oldu. Bu islahatlar müstəqilliyin yalnız siyasi-hüquqi status kimi deyil, həm də işlək dövlət institutları, qanunun aliliyi və insan hüquqlarına əsaslanan idarəçilik sistemi kimi möhkəmlənməsinə şərait yaratdı.

Sonrakı mərhələdə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi şəraitin tələblərinə uyğun şəkildə davam etdirildi. Bu siyasi varislik müasir Azərbaycan dövlətçiliyinin institusional inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Sosial-iqtisadi islahatların dərinləşdirilməsi, dövlət xidmətlərinin müasirləşdirilməsi, idarəetmədə səmərəliliyin artırılması və insan hüquqlarının müdafiəsi mexanizmlərinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətləri kimi daha sistemli məzmun qazandı.

Müstəqilliyin bərpasından sonrakı tarixi təcrübə göstərdi ki, hüquqi dövlətin formalaşması yalnız normativ hüquqi bazanın yaradılması ilə başa çatan proses deyildir. Bu, dövlət institutlarının səmərəli fəaliyyəti, ictimai etimadın möhkəmləndirilməsi, qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının müdafiə mexanizmlərinin davamlı inkişafı ilə bağlı uzunmüddətli dövlətçilik strategiyasıdır. Azərbaycanın müasir inkişaf yolu da məhz müstəqillik, suverenlik, hüquqi dövlətçilik və insan hüquqları arasında üzvi əlaqənin qorunması üzərində qurulmuşdur.

Konstitusiya və insan hüquqlarının təminatı

Müasir dövlətçilik sistemində konstitusiya dövlət hakimiyyətinin təşkili prinsiplərini müəyyən edən normativ sənəd olmaqla yanaşı, dövlətin siyasi-hüquqi fəlsəfəsini, insan və dövlət münasibətlərinin mahiyyətini, cəmiyyətin inkişaf istiqamətlərini əks etdirən ali hüquqi baza rolunu oynayır. Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğunun başlıca istiqamətləri də konstitusiyanın müəyyən etdiyi dəyərlər və prinsiplər əsasında formalaşmışdır.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil Azərbaycanın ilk Əsas Qanunu kimi ölkənin siyasi və hüquqi inkişafında mühüm mərhələ təşkil etmişdir. Onun qəbul edilməsi dövlət idarəçiliyinin konstitusion əsaslarını möhkəmləndirməklə yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsi üçün yeni institusional təminat sistemi yaratmışdır.

Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi müəyyən edilməsidir. Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqlarının geniş dairəsi təsbit olunmuş, onların qorunması dövlətin əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir. Bu hüquqlar sırasında yaşamaq hüququ, azadlıq, şəxsi toxunulmazlıq və təhlükəsizlik hüququ, mənzil toxunulmazlığı, şəxsi və ailə həyatının sirrinin qorunması, şərəf və ləyaqətin müdafiəsi kimi şəxsi hüquqlar mühüm yer tutur.

Bununla yanaşı, fikir və söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq, birləşmək və məlumat azadlığı kimi mülki və siyasi hüquqlar vətəndaşların dövlət və cəmiyyət həyatında fəal iştirakının hüquqi əsaslarını formalaşdırır. Konstitusiyada mülkiyyət hüququ, əmək hüququ, istirahət hüququ, sosial təminat hüququ, sağlamlığın qorunması, təhsil və mədəni həyatda iştirak hüququ kimi iqtisadi, sosial və mədəni hüquqların təsbit edilməsi isə insan amilinin dövlət siyasətinin mərkəzində dayandığını göstərir. Bu hüquqların konstitusiya səviyyəsində tanınması müstəqil Azərbaycan dövlətinin hüquqi dövlət quruculuğunu insan ləyaqəti, qanunun aliliyi və sosial ədalət prinsipləri üzərində inkişaf etdirmək iradəsini ifadə edir.

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğunun inkişafı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatlarla müşayiət olunmuşdur. Bu məqsədlə qəbul edilmiş dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və digər strateji sənədlər insan hüquqlarının təminatı üzrə hüquqi və institusional imkanların genişləndirilməsinə xidmət etmişdir. İnsan hüquqlarının müdafiəsinə dövlət siyasətində xüsusi önəm verilməsi hüquq sisteminin humanist dəyərlər əsasında inkişafına mühüm təsir göstərmişdir.

Ölüm hökmünün ləğvi, əfvetmə institutunun bərpası və amnistiya aktlarının geniş tətbiqi, seçki sisteminin təkmilləşdirilməsi, mətbuat üzərində dövlət senzurasının aradan qaldırılması, söz, fikir və məlumat azadlığının hüquqi əsaslarının möhkəmləndirilməsi bu sahədə həyata keçirilmiş mühüm tədbirlər sırasında xüsusi yer tutur. Məhkəmə-hüquq sistemində aparılan islahatlar və beynəlxalq standartların milli qanunvericiliyə inteqrasiyası isə insan hüquqlarının müdafiəsi mexanizmlərinin inkişafına mühüm töhfə vermişdir.

Konstitusiyada dövlət hakimiyyətinin bölünməsi prinsipinin təsbit olunması hüquqi dövlət modelinin başlıca şərtlərindən biri kimi çıxış edir. Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyət bölgüsünün müəyyən edilməsi dövlət hakimiyyətinin balanslı fəaliyyətinə, idarəetmədə hüquqi təminatların gücləndirilməsinə və vətəndaş hüquqlarının daha səmərəli qorunmasına şərait yaradır. Bu prinsip dövlətin fəaliyyətində qanunçuluğun, məsuliyyətin və institusional tarazlığın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının hüquq sisteminin inkişafında beynəlxalq hüququn ümumtanınmış prinsip və normaları da mühüm rola malikdir. İnsan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulma və onlardan irəli gələn öhdəliklərin milli səviyyədə icrası hüquq və azadlıqların müdafiəsini daha geniş təminat mexanizmləri üzərində qurmağa imkan yaratmışdır. Bu yanaşma beynəlxalq təcrübənin milli hüquqi mühitə uyğun şəkildə tətbiqinə, qanunvericiliyin müasir standartlarla uzlaşdırılmasına və insan hüquqlarının müdafiəsi sahəsində institusional imkanların gücləndirilməsinə xidmət etmişdir.

Ombudsman təsisatı və insan hüquqlarının müdafiəsi

Ombudsman təsisatı insan və dövlət münasibətlərində hüquq və azadlıqların müdafiəsini həyata keçirən, insan hüquqları standartlarının tətbiqinə dəstək verən və hüquq pozuntularının qarşısının alınmasına yönəlmiş mühüm institusional mexanizm kimi çıxış edir. Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, habelə hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxılması bu təsisatın müdafiə mexanizmi kimi praktik əhəmiyyətini daha aydın göstərir.

Bu yanaşma Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu prosesində də öz əksini tapmışdır. Ombudsman institutunun yaradılması insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş mühüm institusional islahatlardan biri olmuşdur. Bu təsisatın formalaşdırılması ideyasını ümummilli lider Heydər Əliyev insan hüquq və azadlıqlarının təminatına yönəlmiş dövlət siyasətinin mühüm tərkib hissəsi kimi irəli sürmüşdür.

Ulu öndərin ölkə prezidenti kimi imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli fərmanında, həmin sənəddən irəli gələn məqsəd və vəzifələr nəzərə alınmaqla 1998-ci il 18 iyun tarixli sərəncamla təsdiq edilmiş ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması ilə bağlı müddəalar öz əksini tapmışdır.

Həmin strateji xəttin davamı olaraq “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” 2001-ci il 28 dekabr tarixli Konstitusiya Qanununun qəbul edilməsi ilə insan hüquqlarının müdafiəsinin müstəqil məhkəmədənkənar mexanizmi formalaşdırılmışdır. Ombudsmanın fəaliyyətinin Konstitusiya və Konstitusiya Qanunu səviyyəsində müəyyən edilməsi bu institutun hüquqi statusunun və müstəqillik təminatlarının mühüm göstəricilərindən hesab olunur.

Ombudsman öz səlahiyyətlərini müstəqil şəkildə həyata keçirir və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedir. Müvəkkilin müstəqilliyi onun dəyişilməzliyi, toxunulmazlığı, fəaliyyətinə dövlət orqanları, bələdiyyələr, digər qurumlar və onların vəzifəli şəxsləri tərəfindən müdaxilənin yolverilməzliyi, maddi və sosial təminatlarla qorunması kimi mühüm hüquqi zəmanətlər vasitəsilə təmin olunur.

Son illərdə Ombudsmanın səlahiyyətlərinin genişləndirilməsi insan hüquqlarının müdafiəsinin institusional əsaslarını daha da möhkəmləndirmişdir. 2023-cü il 9 iyun tarixli dəyişikliklərə əsasən, Ombudsman “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyaların həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.

Müasir dövrdə rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi, süni intellektin etik tətbiqi, sosial inklüzivlik və postmünaqişə reallıqları insan hüquqları sahəsində maarifləndirmə fəaliyyətinin əhatə dairəsini daha da genişləndirir. Ombudsman institutunun hüquqi maarifləndirmə, ictimai məlumatlandırma, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyəti insan hüquqlarının təşviqi, hüquqi biliklərin artırılması və cəmiyyətdə hüquq mədəniyyətinin möhkəmləndirilməsinə mühüm töhfə verir.

Səbinə ƏLİYEVA,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031