Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 26 may 2026-cı il tarixli plenar iclasında giriş nitqi

Hörmətli həmkarlar!
Bildiyiniz kimi, ötən bir neçə gün ərzində Azərbaycan yenidən beynəlxalq birliyin diqqət mərkəzində olmuşdur. Bakı şəhəri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etmişdir. Bu cür mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasətin yeni uğuru olmuşdur.
Sessiyada dünya ölkələrindən rekord sayda – altmış minə qədər nümayəndənin iştirak etməsi etibarlı tərəfdaş və qlobal dialoq məkanı kimi Azərbaycanın nə qədər böyük etimad qazandığını bir daha nümayiş etdirmişdir.
Hörmətli deputatlar!
Dövlət başçısı möhtərəm cənab İlham Əliyev forumun açılışında etdiyi çıxışda Bakıda və ölkəmizin digər bölgələrində müasir şəhərsalma sahəsində həyata keçirilən layihələrdən danışdı. Cənab Prezident xüsusi qeyd etdi ki, Azərbaycanda şəhərsalma ənənələri dərin tarixi köklərə malikdir. Əsrlər boyu burada zəngin şəhər mədəniyyəti formalaşmış, nadir memarlıq abidələri yaradılmışdır. Bu gün Azərbaycan tarixi irsini qorumaqla yanaşı, həm də dayanıqlı inkişafın müasir standartlarını və şəhərsalmada qabaqcıl yanaşmaları tətbiq edir.
Bu baxımdan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri müstəsna əhəmiyyətə malikdir. Qarabağda və Şərqi Zəngəzurda, sadəcə, yeni yaşayış məntəqələri deyil, həm də müasir yaşayış mühiti yaradılır.
Hörmətli həmkarlar!
Əlamətdar haldır ki, 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmuşdur. Ümumdünya Şəhərsalma Forumunun məhz belə bir dövrdə keçirilməsi onu göstərir ki, şəhərsalma, memarlıq və dayanıqlı inkişaf məsələləri Azərbaycanın təkcə daxili gündəliyində deyil, həm də beynəlxalq fəaliyyətində mühüm yer tutur.
Hörmətli deputatlar!
Mən Forumun işində Milli Məclisin deputatlarının iştirakını xüsusi qeyd etmək istərdim. Onlar panel sessiyalarında həm fəal iştirak etmiş, həm də müzakirələrdə maraqlı çıxışlar etmişlər. Qeyd edim ki, dayanıqlı inkişafın parlament ölçüsü getdikcə daha böyük əhəmiyyət kəsb edir. Qanunvericilik orqanları müasir şəhərsalma, ekoloji təhlükəsizlik, ərazilərin səmərəli idarə olunması və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi üçün hüquqi əsasların yaradılmasında önəmli rol oynayırlar.
Hörmətli həmkarlar!
İndi isə mən sizə ötən iki həftəyə yaxın dövrdə Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyətlərinin iki səfəri barədə qısa məlumat vermək istərdim.
Mayın 14-də Özbəkistan Respublikasının Buxara şəhərinə işgüzar səfərdə məqsəd İkinci Asiya Qadınlar Forumunda iştirak etmək idi. Forumda etdiyim çıxışda mən Azərbaycan qadınlarının ölkə həyatında fəal roluna dair tədbir iştirakçılarına məlumat verdim.
Qeyd etdim ki, ölkəmizdə qadınlar siyasi, iqtisadi, elmi və mədəni həyatda fəal iştirak edirlər, həmçinin dövlət qurumlarında, diplomatiyada, təhsil və dövlət idarəçiliyində də yüksək vəzifələr tuturlar.
Xüsusi olaraq vurğuladım ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın geniş ictimai və siyasi fəaliyyəti Azərbaycan qadınlarının cəmiyyətimizin və ölkəmizin inkişafına verdiyi mühüm töhfəni əks etdirir. Onun fəaliyyəti qadınların ictimai həyatda artan rolunu aydın şəkildə nümayiş etdirir və dövlət idarəçiliyinin ən yüksək səviyyəsində qadın liderliyinin güclü nümunəsi kimi çıxış edir.
Onu da qeyd edim ki, hörmətli həmkarlar, Forumun panellərində nümayəndə heyətimizin üzvləri fəal iştirak etmişlər.
Hörmətli deputatlar!
Səfər çərçivəsində Özbəkistan və Türkmənistan parlamentlərinin sədrləri, habelə Birləşmiş Ərəb Əmirlikləri parlamenti sədrinin müavini ilə ikitərəfli görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Hörmətli həmkarlar!
Mayın 20-dən 22-dək Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şura iclasında və altmışıncı plenar iclasında iştirak etmək idi.
Mən həm Şura iclasında, həm də plenar iclasda çıxış etdim. Şura iclasında müzakirə edilən məsələlər barəsində Azərbaycan parlamentinin mövqeyini iştirakçılara çatdırdım.
Plenar iclasda etdiyim çıxışda mən ölkələrimizin qanunvericilik orqanları arasında dialoq və əməkdaşlığın inkişafında Assambleyanın rolu haqqında fikirlərimi bölüşdüm. Bu baxımdan həm müntəzəm qaydada tədbirlərin, iclasların və seminarların keçirilməsinin, həm də yeni ideya və təşəbbüslərin reallaşdırılmasının əhəmiyyətini də qeyd etdim.
Hörmətli deputatlar!
Onu da nəzərə çatdırım ki, təşkilatın bütün tədbirlərində nümayəndə heyətinin üzvləri fəal iştirak etdilər.
Assambleyanın iclası çərçivəsində Milli Məclis sədrinin müavini hörmətli Ziyafət Əsgərova “Parlament əməkdaşlığının möhkəmləndirilməsinə görə” medalı təqdim olundu.
Hörmətli həmkarlar!
Rusiya Federasiyasına işgüzar səfər çərçivəsində Qırğızıstan və Belarus parlamentlərinin sədrləri ilə ikitərəfli görüşlərim oldu. Görüşlərdə dövlətlərimiz arasında yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyi vurğulandı. Parlamentlər arasında ikitərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirildi.
Hörmətli deputatlar, hesab edirəm ki, Özbəkistana və Rusiyaya işgüzar səfərlər uğurlu oldu. Və bununla əlaqədar mən hər iki nümayəndə heyətinin üzvlərinə öz dərin təşəkkürümü bildirirəm.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: