Milli Kitabxanada “Xalq şairi Söhrab Tahir – 100” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

26 may 2026-cı il tarixində Milli Kitabxanada Xalq şairi Söhrab Tahirin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Xalq şairi Söhrab Tahir – 100” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Azturkxeber.az xəbər verir ki, sərgidə şairin əsərləri, tərcümələri, ön söz müəllifi, redaktoru, məsləhətçisi olduğu, həyat və yaradıcılıq yolu haqqında ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.
Tahir Söhrab Əbülfəz oğlu (Söhrab Tahir) 1926-cı il mayın 27-də Cənubi Azərbaycanın Astara şəhərində anadan olub. İlk təhsilini “Səadət” və “Səhpur” məktəblərindən alıb, ailə vəziyyətinin çətinliyi səbəbindən təhsilini işləyərək davam etdirib, həm də İkinci Dünya müharibəsi illərində İran-İngilis neft şirkətində əmək fəaliyyətinə başlayıb.
1946-cı ildə Bakıya hərbi təhsil almaq üçün göndərilən Söhrab Tahir 1947-1950-ci illərdə Bakı Diş və Felçərlik məktəbində oxuyub, 1952-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Söhrab Tahir Azərbaycan Yazıçılar Birliyinin şeir şurasının sədri, “Azərbaycan” jurnalının baş redaktor müavini kimi də ədəbi prosesdə fəal iştirak edib. 1993-2003-cü illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi, 2003-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
İndiyədək onun 1500-dən çox şeiri, 15 poeması, 18 romanı, 10 povesti, 70-dən artıq hekayəsi və 800-dən çox ədəbi-elmi, publisistik məqaləsi nəşr edilib.
Söhrab Tahrin yaradıcılığı və ictimai fəaliyyəti dövlət səviyyəsində yüksək qiymətləndirilib. O, 1984-cü ildə “Əməkdar mədəniyyət işçisi”, 1998-ci ildə “Xalq şairi” fəxri adlarına layiq görülüb, 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: