AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib

Tədbirdə AQEM Biznes Şurasının 9-cu Plenar İclası və 11-ci Biznes Forumunun konsepsiyası müzakirə edilib.
Azturkxeber.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib.
İclasda AQEM-in Baş katibi, səfir Kayrat Sarıbay Biznes Şuranın 2026-cı il üzrə prioritetləri və üzv dövlətlər arasında praktiki əməkdaşlığın gücləndirilməsi barədə məlumat verib.
AQEM-in Biznes Şurasının sədri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov şuranın 2025-ci ildəki fəaliyyəti, təşkilata üzv dövlətlər arasında əməkdaşlığın əsas istiqamətləri, həmçinin 2026-cı il üçün nəzərdə tutulan planlar barədə danışıb.
İclas çərçivəsində AQEM Biznes Şurasının 9-cu Plenar İclası və 11-ci Biznes Forumunun konsepsiyası təqdim olunub. Tədbirlərin 2026-cı ilin sentyabr ayında Bakıda “AQEM regionunda rəqabətqabiliyyətli və inklüziv KOB inkişafı üçün sahibkarlıq ekosistemləri” mövzusunda keçirilməsi təklif olunub. İclasda şəhərsalma və KOB-lar üçün biznes imkanları, gənc sahibkarlıq və çağırışlar, biznes inkubatorlar və sahibkarlığa dəstək infrastrukturu, KOB-ların inkişafı və adaptasiyası üçün biznes modellər, eləcə də sahibkarlara dəstək tədbirləri barədə fikir mübadiləsi aparılıb.
Sonra Biznes Şuranın üzvləri - Qazaxıstan, Rusiya və Tailand nümayəndələri təklif olunan gündəlik və konsepsiya üzrə fikir və təkliflərini bölüşüblər. İclas iştirakçıları AQEM Biznes Şurasının 2026-cı il üzrə prioritetlərinə dəstəklərini ifadə edib, 9-cu Plenar İclas və 11-ci Biznes Foruma hazırlıq prosesi və təşkilati məsələlərə dair məsləhətləşmələrin davam etdirilməsini qeyd ediblər.
Qeyd edək ki, Azərbaycan 2024–2026-cı illər üzrə AQEM-ə sədrlik edir. AQEM yanında Biznes Şuraya Azərbaycan tərəfindən KOBİA rəhbərlik edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: