Zəfərdən Quruculuğa: Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışın təntənəsi

Prezident cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinin birinci mərhələsinin açılışında iştirak etdilər.
1993-cü ildə işğal edilmiş Cahangirbəyli kəndi ermənilər tərəfindən tamamilə dağıdılıb viran qoyulmuşdur. 2020-ci ilin oktyabrın 21-də Azərbaycan Ordusu kəndi işğaldan azad etdi. Prezident cənab İlham Əliyev 2023-cü ildə Cahangirbəyli kəndinin təməlini qoymuşdur. Umumi sahəsi 179.5 hektar olan kənddə ilkin olaraq 242 fərdi yaşayış evi, məktəb binası, körpələr evi-uşaq bağçası, inzibati bina, ən müasir üslubda tikilmiş, eləcə də Bayraq meydanı inşa edilmişdir.
Cəbrayılın Soltanlı kəndində də buraya köçürülmüş sakinlər üçün hər cür şərait yaradılmışdır. Artıq hər iki kəndə 700-ə yaxın ailə qayıtmışdır. Prezident cənab İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndinin sakinləri ilə görüşdü və onlara yeni mənzillərin açarlarını təqdim edərək, səmimi söhbət etdi. Sakinlərlə görüş zamanı ölkə başçımız çıxışında ermənilərin 30 il ərzində şəhər və kəndlərimizi viran qoyduğunu, böyük Zəfərimizdən dərhal sonra bütün şəhər və kəndlərimizin yenidən qurulması barədə göstəriş verdiyini vurğuladı. Sözsüz ki, bu Zəfərimizin təməlində Prezident cənab İlham Əliyevin böyük siyasi məharəti və iradəsi, Azərbaycan Ordusunun qəhrəmanlığı, ən başlıcası isə milli birliyimiz dayanır. Məhz bu milli birlik və xalqımızın öz Prezidentinin ətrafında sıx birləşməsi sayəsində böyük Zəfərə imza atılmış, eləcə də Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş böyük quruculuq və yenidənqurma işləri sürətlə davam etməkdədir. Artıq 100 minə yaxın keçmiş məcburi köçkünlər öz yurd yerlərinə qayıdıblar. Bütün bunlar dövlətimizin gücünün, güdrətinin təcəssümüdür.
Prezident cənab İlham Əliyevin 8 noyabr - Zəfər bayramı öncəsi Qarabağ və Şərqi Zəngəzura səfər etməsi buraya köçürülmüş sakinlərlə bərabər bütün xalqımız üçün böyük önəm kəsb edir. Ölkə başçımızın da qeyd etdiyi kimi, 8 noyabr Zəfər bayramı xalqımızın qəlbində əbədi yaşayacaq və gələcək nəsillər də bu Zəfərlə daim fəxr edəcək.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: