Milli Kitabxanada “Şərq qapısı qəzeti” – 105” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Milli Kitabxanada “Şərq qapısı qəzeti” – 105” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan Azturkxeber.az-a bildirilib ki, sərgidə “Şərq qapısı” qəzeti Naxçıvanın ictimai-siyasi həyatındakı rolu, tarixi, ədəbiyyatlar, milli mətbuat və jurnalistika haqqında, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunub.
Qəzet ilk dəfə "Cavanlar həyatı" adı ilə oxucuların görüşünə gəlib. Həmin il dekabr ayının sonundan 1922-ci ilin yanvarınadək "Füqəra səsi", 1922-ci ilin aprelindən 1980-ci ilin yanvarınadək "Şərq qapısı", 1980-ci ildə "Sovet Naxçıvanı" adlandırılmış, rus dilində "Sovetskaya Naxiçevan" adlı dubilkatı ilə birlikdə buraxılıb. "Şərq qapısı" 1930-cu ilədək ərəb, 1930–1940-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunub. Həmin dövrdən indiyədək latın qrafikalı əlifba ilə nəşr edilir. 1989-cu ildən qəzet fəaliyyətini "Şərq qapısı" adı ilə davam etdirir. Qəzetin təşəkkülünə, onun üçün jurnalist kadrların hazırlanmasına xalq yazıçıları Mirzə İbrahimov və Əli Vəliyev səy göstərib. Əli Vəliyev 1933–1934-cü illərdə qəzetin redaktoru olub. "Şərq qapısı" nəşrə başlayandan Naxçıvan MR-in ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatının güzgüsü olmuş, onun tərəqqi və yüksəlişində fəal və mühüm rol oynayıb.
Müstəqillik dövründə “Şərq qapısı” qəzetinin ilk yubileyi 1996-cı ilin dekabr ayında keçirilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev “Şərq qapısı” qəzetinin onun həyatında oynadığı rolu qiymətləndirərək, hətta Azərbaycan Respublikasının Prezidenti işlədiyi dövrdə onun 75 illik yubileyini unutmadı, ölkə rəhbəri kimi qəzet redaksiyasına təbrik məktubu ünvanladı. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” 27 mart 2000-ci il tarixli Fərmanını rəhbər tutaraq Muxtar Respublika Ali Məclisi Sədri “Naxçıvan Muxtar respublikasının Dövlət Mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” (29 mart 2000-ci il) sərəncam verib.
Qloballaşan dünyamızda, texnologya əsrinin təlblərindən bri olan internet artıq informasiyanın sərhədsiz yayılması və təbliğində böyük rol oynayır. Müstəqil dövlət quruculuğu, dövlətçilik, vətənpərvərlik, insanları maarifləndirmə kimi nəcib təşəbbüslərə xidmət edən “Şərq qapısı” qəzeti bundan sonra da öz inkişafının daha böyük zirvələrini fəth edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: