Milli Kitabxanada “8 Noyabr – Zəfər Günü” adlı virtual və ənənəvi kitab sərgiləri təqdim olunub
Milli Kitabxanada Zəfər Günü münasibətilə “8 Noyabr – Zəfər Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.
Bu barədə Azturkxeber.az-a Milli Kitabxanadan məlumat verilib. Bildirilib ki, sərgilərdə Zəfər tariximiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyası, Vətən müharibəsi, şanlı Qələbə, tarix yazan qəhrəmanlar, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolu haqqında Azərbaycan və digər dillərdə nəşr olunmuş ədəbiyyatlar nümayiş etdirilir. Xalqımızın qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən bu möhtəşəm Qələbə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla əbədiləşdirilib. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan olunub. 2020-ci ilin sentyabr-noyabr aylarında 44 gün davam edən Vətən müharibəsində qazanılan Zəfər milli tariximizin ən şərəfli və taleyüklü hadisələrindən biridir. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzündən sonra Azərbaycan Ordusu BMT Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatına başlayıb. Məqsəd işğal altındakı torpaqlarımızı azad etmək və təcavüzə son qoymaq olub.
Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycan Ordusunun dünyanın güclü orduları sırasında yer almasını təmin edib. Azərbaycan Ordusu qarşısında duran tarixi missiyanı, Ulu Öndər Heydər Əliyevin arzusunu və vəsiyyətini yerinə yetirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində qazandığı qələbələrlə dünya hərb tarixinə yeni şanlı səhifələr yazıb. Döyüşlər zamanı işğalçı qüvvələrə ağır zərbələr endirilib, onların çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib. İşğal altında olan ərazilərimizin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumilikdə, 300-ə yaxın yaşayış məntəqəsi azad olunub. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabrın 8-də Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edilməsidir. Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcəyini anlayan Ermənistan məğlubiyyətini etiraf edib. Beləliklə, Azərbaycan Silahlı Qüvvələrinin qazandığı hərbi Zəfər siyasi müstəvidə əldə olunan Qələbə ilə tamamlanıb.
8 Noyabr Zəfəri Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki və mənəvi-psixoloji hazırlığının, peşəkarlığının təntənəsidir. Bu gün azad Qarabağ və Şərqi Zəngəzur innovativ və dayanıqlı inkişaf məkanına çevrilir. İşğal zamanı dağıdılmış şəhər və kəndlər bərpa olunur, hava limanları, yollar, körpülər, tunellər və digər infrastruktur obyektləri inşa edilir, elektrik və su xətləri çəkilir. Bölgədə Azərbaycanın gələcək inkişafının yeni modellərindən biri formalaşır, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:

