azturkxeber.az
http://azturkxeber.az

"PeşəFest-2026"nın Bakıda yekun tədbiri keçirilib

06-11-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən "PeşəFest-2026" peşələr festivalının Bakıda yekun tədbiri keçirilib.

Azturkxeber.az xəbər verir ki, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə keçirilən tədbir şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyıb. Tədbirdə əmək və əhalilinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, millət vəkilləri Zahid Oruc və Vüqar İskəndərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri, təhsil müəssisələri və vətəndaş cəmiyyətinin nümayəndələri, yeniyetmə və gənclər iştirak ediblər.

Rəşad Mustafayev gənclərin düzgün peşə seçiminə dəstək məqsədi daşıyan “PeşəFest” layihəsi üzrə builki tədbirlərdə 176 minə yaxın iştirakçının peşələrlə yaxından tanış olduğunu, mütəxəssislərlə ünsiyyət qurduğunu bildirib. O, festivalın peşəyönümü xidmətlərinin regionlarda əlçatanlığının artırılmasına töhfə verdiyini, bu tədbirlər çərçivəsində 6 min nəfərə peşəyönümü məsləhət xidməti göstərildiyini, gənclərə karyera planlaması üzrə fərdi konsultasiyalar keçirildiyini deyib. Nazir müavini əmək bazarına hazırlığın ilk iş müraciətindən xeyli əvvəl başladığını, peşəyönümü, peşə hazırlığı, əmək bazarı haqqında məlumatlandırma və işlə təminata dəstəyin bir-birini tamamlayan mühüm mərhələlər olduğunu diqqətə çatdırıb.

Digər çıxış edənlər gənclər üçün düzgün peşə seçiminin vacibliyini, “PeşəFest”in bu baxımdan əhəmiyyətli dəstək rolu oynadığını qeyd ediblər. Onlar gənclərin müasir əmək bazarının tələbləri, aktual peşələr üzrə zəruri bacarıqlar və karyera imkanlarına dair praktiki məlumatlara yiyələnmələrində, öz maraq və bacarıqlarını aşkara çıxarmalarında bu interaktiv layihənin önəmindən bəhs ediblər.

Sonra peşəkarlar ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətləri barədə məlumat verib, peşə seçimi ilə bağlı tövsiyələrini çatdırıblar. Festival musiqi qruplarının ifaları və iştirakçılar arasında keçirilmiş maraqlı viktorinalarla davam edib.

“PeşəFest-2026” layihəsinə Sumqayıt şəhərindən başlanıb. Daha sonra Qax, Mingəçevir, Gəncə, Qazax, Bərdə, Saatlı, Masallı, Naxçıvan və Şərur şəhər və rayonlarında əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunub. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi - IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayner (sayt, tətbiq dizayneri) istiqamətləridir.

İştirakçılar festivalda bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30