Vəkillər Kollegiyasının sədr müavini Polis Akademiyasında Zəfər Gününə həsr olunan konfransda çıxış edib



Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “8 Noyabr – Azərbaycan tarixinin zəfər zirvəsi” mövzusunda konfrans keçirilib.
Azturkxeber.az-ın məlumatına görə, tədbirdə müxtəlif dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının, ali təhsil və elmi-tədqiqat müəssisələrinin nümayəndələri, təhsilalanlar, həmçinin Vətən müharibəsinin qəhrəmanları və iştirakçıları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov qonaqları salamlayaraq tədbirin işinə uğurlar arzulayıb. Akademiyanın rəisi konfransın keçirilmə məqsədi barədə fikirlərini bölüşərək, Zəfər Gününün tarixi-siyasi əhəmiyyətini milli dövlətçiliyimizin və hərbi qüdrətimizin parlaq təzahürü kimi diqqətə çatdırıb.
Daha sonra çıxış edən tədbir iştirakçıları Zəfər Gününün xalqımızın qəhrəmanlıq salnaməsində müstəsna yer tutduğunu, bu şanlı tarixin milli qürur, vətənə sonsuz sevgi və eyni zamanda şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın təcəssümü olduğunu vurğulayıblar.
Mərasimdə çıxış edən Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov 8 Noyabr – Zəfər Gününün xalqımızın milli iradəsinin, birliyinin və dövlətçilik əzminin təntənəsi olduğunu bildirib. Sədr müavini 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsinin işğaldan azad edildiyini, 2023-cü ildə keçirilən lokal xarakterli antiterror əməliyyatları ilə isə Azərbaycanın bütün ərazilərində suverenliyinin tam bərpa olunduğunu diqqətə çatdırıb.
Pərviz Ələkbərov Zəfərin əldə olunmasında xalqımızın birliyinin mühüm rol oynadığını vurğulayaraq, milli həmrəyliyin və dövlətçilik iradəsinin ölkəmizin qüdrətini daha da artırdığını qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: