azturkxeber.az
http://azturkxeber.az

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı keçirilib

05-11-2026

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 8 Noyabr – Zəfər Günü münasibətilə Xocalı şəhidləri sırasında yer alan Şöhrət Həsənova həsr olunmuş “Bir şəkil” sənədli filminin təqdimatı keçirilib.

Azturkxeber.az-ın məlumatına görə, 05 noyabr 2026-cı il tarixində keçirilən tədbirdə Dövlət Komitəsinin rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər.

Tədbir Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin, eləcə də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışında Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. O, Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə xüsusi diqqət və həssaslıqla yanaşdığını vurğulayıb.

Qeyd olunub ki, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurda təhlükəsiz və ləyaqətli qayıdışı davam edir. İndiyədək işğaldan azad edilmiş ərazilərdə 50-yə yaxın yaşayış məntəqəsində daimi məskunlaşma təmin olunub.

Tədbir çərçivəsində “Bir şəkil” sənədli filmi nümayiş etdirilib. Ekran əsərində Xocalının blokada şəraitində olduğu ağır günlərdə sakinlərin səsini dünyaya çatdıran “Xocalının səsi” qəzetinin nəşrində müstəsna xidmətləri olan Şöhrət Həsənovun həyat və döyüş yolu əks olunub. Filmdə onun Xocalıda həm qələmi, həm də silahı ilə mərdliklə mübarizə apardığı xüsusi vurğulanıb.

Filmin layihə rəhbəri Xuraman Osmanova, ideya müəllifi və rejissoru Nicat Cəlilov, ssenari müəllifi isə Orxan Aslandır.

Nümayişdən sonra Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov və filmin ideya müəllifi, rejissoru Nicat Cəlilov çıxış edərək ekran əsərinin əhəmiyyəti, ərsəyə gəlmə prosesi və filmlə bağlı təəssüratlarını bölüşüblər.

Şöhrət Həsənov 1944-cü il dekabrın 23-də Xocalı rayonunda anadan olub. Uzun müddət müxtəlif məsul vəzifələrdə çalışan şəhid Xocalı soyqırımı zamanı Rayon İcra Hakimiyyətində fəaliyyət göstərib. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin hücumu zamanı dinc əhalinin xilas edilməsi uğrunda son anadək döyüşüb, düşmən tərəfindən işgəncələrlə qətlə yetirilərək şəhid olub.

Şöhrət Həsənov Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. O, göstərdiyi fədakarlıq və şücaətə görə “İgidliyə görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, “Bir şəkil” sənədli filminin ilkin təqdimatı ötən həftə Nizami Kino Mərkəzində şəhidin yaxınlarının, rəsmi qonaqların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30