YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib



Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin (DK) üzvü Tahir Budaqov noyabrın 4-də Koreya Respublikasının Seul şəhərində “Mincu” (Demokratik) Partiyası və Xalqın Gücü Partiyasının birgə ev sahibliyi ilə keçirilən ICAPP-ın 13-cü Baş Assambleyası çərçivəsində ICAPP DK-nın 46-cı iclasında iştirak edib.
Azturkxeber.az xəbər verir ki, iclasda açılış nitqi ilə çıxış edən ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq gündəlikdə duran məsələlər barədə məlumat verib, ICAPP-ın cari fəaliyyətinə nəzər salıb, DK-nın yeni üzvlərini təqdim edib, təşkilatın gələcək iş planını diqqətə çatdırıb. O, həmçinin ICAPP-ın fəaliyyətinin daha da təkmilləşdirilməsinin, institusional imkanlarının gücləndirilməsinin və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə siyasi partiyalar arasında qarşılıqlı təcrübə mübadiləsinin təşviqinin, dialoq və əməkdaşlıq platformalarının inkişaf etdirilməsinin, eləcə də qlobal çağırışların həllində birgə səylərin artırılmasının vacibliyini qeyd edib.
Daha sonra 36 ölkəni təmsil edən 83 siyasi partiyanın iştirakı ilə baş tutan ICAPP-ın 13-cü Baş Assambleyasına hazırlıq işləri barədə məlumat verilib, büro üzvlüyünə sədr müavini kimi YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da daxil olmaqla 5 ölkədən (Azərbaycan, Banqladeş, Çin, Malaziya, Vyetnam) namizəd irəli sürülüb.
DK iclasında Baş Assambleyanın bağlanış sessiyasında qəbul ediləcək Seul Bəyanatının layihəsi və ICAPP Nizamnaməsinə təklif olunan dəyişikliklər ətrafında da fikir mübadiləsi aparılıb. Həmçinin siyasi partiyalar arasında dialoqun inkişaf etdirilməsi, dayanıqlı sülh və sabitliyin təşviqi, demokratik idarəetmənin gücləndirilməsi, süni intellektin imkanlarından ümumi rifah naminə istifadə və iqlim dəyişikliyi ilə mübarizə kimi aktual məsələlər müzakirə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: