YAP nümayəndə heyəti ICAPP-ın 13-cü Baş Assambleyasında iştirak edib





Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Taleh Həsənzadədən ibarət nümayəndə heyəti 5-6 noyabr tarixlərində Koreya Respublikasının “Mincu” (Demokratik) Partiyası və Xalqın Gücü Partiyasının birgə ev sahibliyi ilə Seul şəhərində keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 13-cü Baş Assambleyasında (BA) iştirak edib.
Azturkxeber.az xəbər verir ki, “Dəyişən dünyada etimadın bərpası” mövzusuna həsr olunmuş və 36 ölkədən 83 siyasi partiyanın nümayəndələrinin iştirak etdiyi 13-cü BA-nın açılış mərasimində Koreya Respublikasının Prezidenti Li Ce Myunun tədbir iştirakçılarına videomüraciəti təqdim olunub, “Mincu” (Demokratik) Partiyasının rəhbəri Kim Min-seok, Xalqın Gücü Partiyasının rəhbəri Canq Donq-hyeok, ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq və Milli Assambleyanın sədri Ço Ceonq-sik açılış nitqi ilə çıxış ediblər.
Daha sonra ICAPP-ın baş katibi Oh Sonq tərəfindən təşkilatın 2024–2026-cı illər ərzində fəaliyyətinə dair hesabat təqdim olunub. YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da daxil olmaqla 5 ölkədən (Azərbaycan, Banqladeş, Çin, Malaziya, Vyetnam) nümayəndələr 13-cü BA-nın Büro sədrinin müavini seçiliblər. Həmçinin, ICAPP Nizamnaməsinə təklif edilən dəyişikliklər müzakirə olunaraq qəbul edilib.
Baş Assambleyanın plenar sessiyalarında siyasi partiyalar arasında dialoqun inkişafı, qarşılıqlı etimadın möhkəmləndirilməsi, dayanıqlı sülh və sabitliyin təşviqi, demokratik idarəetmənin gücləndirilməsi, süni intellektin imkanlarından ümumi rifah naminə istifadə və iqlim dəyişikliyi ilə mübarizə kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Birinci plenar sessiyada çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin regionda sülh və əməkdaşlıq üçün yaratdığı yeni imkanlar, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işləri, idarəetmədə səmərəliliyin artırılması məqsədilə innovasiyaların tətbiqi və süni intellektin imkanlarından istifadə, eləcə də ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə sahəsində ölkəmizin gördüyü işlərdən bəhs edib, YAP-ın təşkilatçılığı ilə 2022-ci ildən etibarən hər il iyunun 15-də Şuşa şəhərində keçirilən beynəlxalq konfransların siyasi dialoq və beynəlxalq partiyalararası əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Noyabrın 6-da BA çərçivəsində keçirilən ICAPP Media Forumunun “Süni intellekt transformasiyası” mövzusunda 8-ci iclasında çıxış edən Milli Məclisinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müasir informasiya mühitində süni intellektin jurnalistikaya təsiri, dezinformasiyaya qarşı mübarizə və etibarlı informasiya mühitinin qorunmasının əhəmiyyəti, Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi və süni intellektin imkanlarından səmərəli istifadə sahəsində görülən işlərdən bəhs edib.
Bağlanış sessiyasında plenar sessiyaların və ICAPP Media Forumunun 8-ci iclasının nəticələrinə dair hesabatlar təqdim olunub, Seul Bəyanatı qəbul edilib. Yekunda 14-cü Baş Assambleyaya 2028-ci ildə ev sahibliyi edəcək Vyetnam Kommunist Partiyasının nümayəndələrinə təşkilatın bayrağı və sədr çəkicinin təqdim edilməsi mərasimi keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: