azturkxeber.az
http://azturkxeber.az

Sosial təminat sisteminin gücləndirilməsi tədbirləri qarşıdakı dövrdə də davam etdiriləcək

06-11-2026

Prezident cənab İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, 2027-ci ildə də dövlət və icmal büdcələr sosialyönümlüyünü saxlayacaq.

Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dövlətimizin başçısı tərəfindən verilmiş tapşırığa uyğun olaraq, 6-cı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcəsində müvafiq maliyyə təminatı yaradılıb.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.

Cari ildə əmək haqqı və sosial ödənişlərdə növbəti yüksək artım tempinin olduğunu qeyd edən nazir bildirib ki, orta aylıq pensiyanın məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10,4 faiz artaraq 596 manata, yaşa görə pensiyanın orta məbləği isə 10 faiz artaraq 634 manata, orta aylıq əməkhaqqı 7,2 faiz artaraq 1173 manata çatıb, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər isə 8,4 faiz artaraq 1,9 milyard manat olub. Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhalinin 22 faizinə, yəni 2,2 milyon şəxsə 900 milyon manat məbləğində aylıq əsasda ödəniş edilir. Bu vəsaitin 676 milyon manatı pensiya və sosial sığorta ödənişlərinin, 214,3 milyon manatı dövlət büdcəsi hesabına ödənilən sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və ünvanlı sosial yardımların payına düşür.

Anar Əliyev Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üzrə gəlirlərinin 9 milyard 221 milyon manat nəzərdə tutulduğunu, bunun 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 897,4 milyon manat və ya 10,8 faiz çox olduğunu deyib. O, Fondun 2027-ci il üçün gəlirlərinin 82,3 faizinin və ya 7 milyard 587 milyon manatının məcburi dövlət sosial sığorta haqqı daxilolmaları üzrə formalaşacağının proqnozlaşdırıldığını, bu göstəricinin cari ilin təsdiq edilmiş göstəricisindən 995,4 milyon manat və ya 15,1 faiz çox olduğunu qeyd edib.

Nazir bildirib ki, DSMF-nin 2027-cı il üzrə ümumi xərclərinin 9 milyard 273 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da 2026-cı il üzrə təsdiq olunmuş xərclərindən 789,5 milyon manat və ya 9,3 faiz çoxdur. Xərclərin 96,5 faiz və ya 8 milyard 950 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu göstərici 2025-ci illə müqayisədə 1,7 milyard manat, 2026-cı illə müqayisədə isə 753,6 milyon manat çoxdur. Gələn il əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə pensiyaların orta məbləğinin 680 manat, gələn ilin orta aylıq əməkhaqqına nisbətdə isə 50 faiz, yaşa görə pensiyada isə 53 faiz olması proqnozlaşdırılır.

“Əmək və Məşğulluq” Alt Sisteminin məlumatlarına əsasən, ölkə üzrə əmək müqavilələrinin sayının ötən ilin eyni dövrünə nisbətən 1,2 faiz artdığını qeyd edən Anar Əliyev ötən ilin eyni dövrü ilə müqayisədə özəl sektorda əmək müqavilələrinin sayında 5,8 faiz və ya 59 min artım olduğunu, habelə “Əmək və Məşğulluq” Alt Sisteminin məlumatlarına əsasən ölkə üzrə əməkhaqqı fondunun da 8,5 faiz artdığını diqqətə çatdırıb.

Bildirib ki, 2027-ci ildə işsizlikdən sığorta fondunun gəlirləri 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 30,6 milyon manat və ya 12,8 faiz çox olmaqla 268,9 milyon manat həcmində nəzərdə tutulur. Fondun 2027-ci il üzrə xərclərinin 319,2 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiqlənmiş göstəricisindən 52,8 milyon manat və ya 19,8 faiz çoxdur. 2027-ci ildə işsizlikdən sığorta fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir. O cümlədən, 173 min şəxsin işlə təmin olunması, 14,5 min şəxsin özünüməşğulluq proqramına, 18,5 min şəxsin peşə hazırlığına cəlb olunması, 230 min şəxsə isə peşəyönümü məsləhət xidmətləri göstərilməsi proqnozlaşdırılır. Son illərdə aktiv məşğulluq tədbirlərinin əhatə dairəsi 2 dəfə genişlənib. İllik əsasda işlə təmin olunanların sayında 3,6 dəfə, özünüməşğulluq proqramına cəlb olunanların sayında 2,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayında 7,1 dəfə, peşəyönümü xidmətinə cəlb olunanların sayında isə 3 dəfə artıma nail olunub.

Nazir İcbari tibbi sığorta fondunun 2027-ci il üçün gəlirlərinin 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 281,2 milyon manat və ya 14,2 faiz çox olmaqla 2 milyard 257 milyon manat nəzərdə tutulduğunu qeyd edib. O, bildirib ki, Fondun 2027-ci il üzrə ümumi xərclərinin 2 milyard 980 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiqlənmiş göstəricisindən 358,7 milyon manat və ya 13,7 faiz çoxdur. Xərclərin 2 milyard 565 milyon manatı və ya 86,1 faizi tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və tibb heyətinin əməkhaqqı xərcləri üçün nəzərdə tutulub.

Növbəti ilin xərclərində səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə 185,0 milyon manat, tibbi xidmətlərin inkişafı və təkmilləşdirilməsi, həmçinin rəqəmsal infrastrukturunun qurulması üçün 105,0 milyon manat, aptek təşkilatlarına ambulator şəraitdə istifadə olunan dərman vasitələrinə görə sığorta ödənişi, əlilliyi olan şəxslərin dərman preparatları ilə təminatı üçün 59 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Anar Əliyev şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 40 milyon manat, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillərlə, habelə əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya vasitələri ilə təminatı üçün 30 milyon manatdan çox vəsaitin ayrılmasının da nəzərdə tutulduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30