Almaniyada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib
İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniya Federativ Respublikasında müəyyən edilən daha bir şəxsin Azərbaycana ekstradisiyası həyata keçirilib.
Azturkxeber.az xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, 2021-ci ildə dələduzluq əməllərində ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı Nuriyev Elmir Elxan oğlunun yeri Almaniyada müəyyən edilib və o, həbs olunub.
Belə ki, həmin şəxs tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə məxsus mənzilləri təmir etdirəcəyi barədə yalan məlumatlar verməklə onların əmlakını ələ keçirməkdə, xeyli miqdarda ziyan vurmaqda ittiham olunur. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.4-cü maddələri ilə cinayət işi üzrə axtarış elan edilib.
Baş Prokurorluğun sorğusu, Ədliyyə Nazirliyinin təqdim etdiyi müvafiq təminatlar və aparılan danışıqlar nəticəsində həmin şəxsin Azərbaycana ekstradisiyası barədə razılıq əldə olunub.
Nuriyev Elmir Elxan oğlu noyabrın 6-da Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadan Azərbaycana gətirilib. O, məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Ekstradisiya prosesi Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində nüfuzunu və Almaniya Federativ Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Ədliyyə Nazirliyi beynəlxalq axtarışda olan şəxslərin ölkəyə gətirilməsi istiqamətində tədbirləri davam etdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
