“PeşəFest” bu dəfə Qubada keçirildi



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi "PeşəFest-2026" layihəsi bu dəfə Quba rayonunda baş tutub.
Azturkxeber.az xəbər verir ki, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyır.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, millət vəkilləri Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, ayrı-ayrı dövlət və özəl təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlqar Mahmudov “PeşəFest”in gənclərin peşə seçimlərinə dəstək göstərməsi və onların əmək bazarına inteqrasiyasına töhfə verməsi baxımından əhəmiyyətini vurğulayıb. O, bu kimi təşəbbüslərin gənclərin potensialının üzə çıxarılmasına və regionda məşğulluq imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib.
DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov isə əmək bazarında baş verən dəyişikliklər fonunda gənclərin müasir peşələr üzrə bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Agentlik sədri peşələr barədə praktiki məlumatların əldə olunması və düzgün karyera seçimi edilməsi baxımından “PeşəFest”in məktəblilərə və gənclərə əlçatan imkanlar yaratdığını deyib.
Milli Məclisin deputatları çıxışlarında “PeşəFest”in peşələrə marağın artırılması, gənclərin düzgün karyera seçiminə dəstək göstərilməsi və məşğulluq imkanları barədə məlumatlılığın artırılması baxımından əhəmiyyətli təşəbbüs olduğunu bildiriblər.
“PeşəFest – Quba”da peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələr veriblər.
Qeyd edək ki, növbəti “PeşəFest-2026” sentyabr ayının 25-də Qax şəhərində Qax Bələdiyyəsinin binası qarşısında keçiriləcək. Festivalın keçiriləcəyi digər rayonlar və tarixlər isə belədir:
Mingəçevir – 28 sentyabr
Gəncə – 30 sentyabr
Qazax – 2 oktyabr
Bərdə – 5 oktyabr
Saatlı – 7 oktyabr
Masallı – 9 oktyabr
Naxçıvan – 13 oktyabr
Ordubad – 15 oktyabr
Bakı – 22 oktyabr
“PeşəFest-2026”da əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunur. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi - IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayner (sayt, tətbiq dizayneri) istiqamətləridir.
Festival iştirakçıları bu peşələrin özünəməxsusluqları və tələb olunan bacarıqlar barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.
Festivalda iştirak ödənişsizdir. Peşə seçimi ilə maraqlanan hər kəsi “PeşəFest-2026”da fəal iştiraka dəvət edirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: