ADU-NUN baş müəllimi,
Pedaqogika üzrə fəlsəfə doktoru
Ş.Ş. TAHİROVA
Xüsusi təhsildə təlim prosesinin təşkili və sinfin idarə olunması: müasir pedaqoji yanaşmalar və peşəkar inkişafMüasir təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri hər bir uşağın fərdi xüsusiyyətlərini, inkişaf imkanlarını və təhsil ehtiyaclarını nəzərə alan keyfiyyətli, əlçatan və inklüziv təlim mühitinin yaradılmasıdır. Bu baxımdan xüsusi təhsil sahəsində çalışan və gələcəkdə bu istiqamətdə fəaliyyət göstərəcək müəllimlərin nəzəri biliklərinin artırılması, praktik bacarıqlarının inkişaf etdirilməsi və müasir pedaqoji yanaşmalarla tanış olması xüsusi əhəmiyyət daşıyır.Bu məqsədlə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə Bakı şəhəri 334 nömrəli tam orta məktəbdə “Xüsusi təhsildə təlim prosesinin təşkili və sinfin idarə olunması” mövzusunda təlim keçirilib.
Təlimin təşkilatçıları AGMA-nın Bakı şəhəri üzrə koordinatorları Gülüzə Mehdiyeva və Şəfa Fərəcova olublar.
Təlimdə Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Firuzə Rzayeva, pedaqogika üzrə fəlsəfə doktoru Səbinə Rüstəmova, Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin nümayəndəsi, xüsusi təhsil üzrə supervayzer və ABA mütəxəssisi Xəqani Qayıbov iştirak ediblər.
Təlim çərçivəsində xüsusi təhsildə təlim prosesinin təşkili, sinfin idarə olunması, xüsusi təhsil ehtiyacı olan şagirdlərlə işin praktik aspektləri barədə ətraflı məlumat verilib. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran məsələlər müzakirə olunub. Təlimin əsas məqsədi müəllimlərin xüsusi təhsil sahəsində nəzəri biliklərini artırmaq, təlim prosesinin səmərəli təşkili və sinfin idarə olunması istiqamətində praktik bacarıqlarını inkişaf etdirmək olub.
Qeyd etmək lazımdır ki, xüsusi təhsil müasir pedaqogikanın ən həssas və eyni zamanda ən böyük məsuliyyət tələb edən istiqamətlərindən biridir. Çünki burada söhbət yalnız təlim materialının mənimsədilməsindən deyil, hər bir uşağın fərdi inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsindən, onun potensialının üzə çıxarılmasından və sosial həyata fəal inteqrasiyasına dəstək göstərilməsindən gedir.
Hər bir uşağın özünəməxsus öyrənmə tempi, qavrama səviyyəsi, diqqət xüsusiyyətləri, ünsiyyət və davranış formaları vardır. Buna görə də bütün şagirdlərə eyni metod və yanaşma ilə müraciət etmək həmişə gözlənilən nəticəni vermir. Müəllim uşağın ehtiyaclarını düzgün qiymətləndirməli, onun imkanlarına uyğun təlim strategiyaları seçməli və inkişafını mərhələli şəkildə dəstəkləməlidir.
Xüsusi təhsildə müəllimin rolu yalnız bilik ötürməklə məhdudlaşmır. O, eyni zamanda uşağın inkişafını müşahidə edən, çətinliklərini müəyyənləşdirən, motivasiyasını gücləndirən, müsbət davranışlarını dəstəkləyən və təlim mühitini fərdi ehtiyaclara uyğunlaşdıran mütəxəssisdir. Bu isə müəllimdən həm nəzəri hazırlıq, həm praktik təcrübə, həm də yüksək pedaqoji həssaslıq tələb edir.
Bunun üçün sinfin idarə olunması və psixoloji-pedaqoji mühitin yaradılmasına xüsusi diqqət yetirmək lazımdır. Xüsusi təhsildə sinfin idarə olunması məsələsinə yalnız intizamın qorunması kimi yanaşmaq düzgün olmazdı. Əsas məqsəd hər bir şagirdin özünü təhlükəsiz, qəbul olunmuş və dəyərli hiss etdiyi psixoloji-pedaqoji mühitin formalaşdırılmasıdır.
Bu prosesdə müəllimin davranışa düzgün yanaşması, aydın və anlaşıqlı təlimatlar verməsi, vizual dəstək vasitələrindən istifadə etməsi, müsbət möhkəmləndirmə strategiyalarını tətbiq etməsi, uşaqların fərdi xüsusiyyətlərini nəzərə alması mühüm əhəmiyyət daşıyır.
Xüsusilə autizm spektr pozuntusu, diqqət çatışmazlığı, nitq və kommunikasiya çətinlikləri, disleksiya, disqrafiya və digər öyrənmə çətinlikləri olan uşaqlarla iş zamanı pedaqoji müdaxilələrin elmi əsaslara söykənməsi vacibdir. Bu zaman uşağın yalnız çətinliklərinə deyil, onun güclü tərəflərinə, maraqlarına və inkişaf potensialına da diqqət yetirilməlidir.
Digər mühüm məsələ isə müəllim, psixoloq, loqoped, xüsusi təhsil mütəxəssisi və valideyn arasında əməkdaşlığın qurulmasıdır.
Komanda şəklində fəaliyyət uşağın ehtiyaclarının daha düzgün müəyyənləşdirilməsinə, inkişaf dinamikasının izlənilməsinə və uyğun dəstək mexanizmlərinin seçilməsinə imkan yaradır. Bu yanaşmanın səmərəli tətbiqi isə müəllimdən yalnız nəzəri bilik deyil, həm də davamlı peşəkar inkişaf, yeni pedaqoji yanaşmalara açıq olmaq və praktik bacarıqlarını təkmilləşdirmək tələb edir. Bu baxımdan, xüsusi təhsil sahəsində təşkil olunan təlimlər müəllimlərin bilik və təcrübələrinin zənginləşdirilməsi, qarşılaşdıqları çətinliklərə daha çevik və məqsədyönlü yanaşmaların formalaşdırılması üçün mühüm əhəmiyyət daşıyır.
Pedaqoji fəaliyyətin keyfiyyəti müəllimin daim öyrənməsi, öz bilik və bacarıqlarını yeniləməsi, müasir elmi yanaşmaları tədris prosesinə tətbiq etməsi ilə sıx bağlıdır. Bu baxımdan AGMA-nın təşkil etdiyi təlimlər müəllimlərin peşəkar inkişafı, təcrübə mübadiləsi və yeni pedaqoji yanaşmaların mənimsənilməsi baxımından əhəmiyyətlidir.
Mənim fikrimcə, xüsusi təhsilin inkişafını yalnız xüsusi təhsil müəssisələrinin və ya bu sahədə çalışan mütəxəssislərin vəzifəsi kimi qiymətləndirmək olmaz. Bu, bütövlükdə təhsil sisteminin, müəllim hazırlığının, məktəb rəhbərliyinin, ailənin və cəmiyyətin birgə məsuliyyətidir. Hər bir müəllim fərqliliyi problem kimi deyil, insan inkişafının təbii xüsusiyyəti kimi qəbul etməyi bacarmalıdır.
Əsl pedaqoji peşəkarlıq hər bir uşağın imkanlarını görmək, onun inkişafına inanmaq və bu inkişaf üçün müvafiq şərait yaratmaqla ölçülür. Uşağın təlimdə qarşılaşdığı çətinliklər onun gələcək inkişaf imkanlarını məhdudlaşdırmamalıdır. Əksinə, düzgün seçilmiş pedaqoji və psixoloji dəstək həmin çətinliklərin aradan qaldırılmasına və uşağın öz potensialını reallaşdırmasına kömək edə bilər.
Bu baxımdan belə maarifləndirici tədbirlərin davamlı təşkili xüsusi təhsildə keyfiyyətin yüksəldilməsinə, müəllimlərin peşəkar kompetensiyalarının inkişafına və cəmiyyətdə inklüziv təhsil mədəniyyətinin möhkəmləndirilməsinə xidmət edir. İnanıram ki, xüsusi təhsilin inkişafı üçün ən vacib şərtlərdən biri müəllimin peşəkar hazırlığı, fərdi yanaşma bacarığı və hər bir uşağın potensialına inamla yanaşmasıdır. Müəllim yalnız bilik ötürən deyil, həm də uşağın inkişafını dəstəkləyən, onun imkanlarını üzə çıxaran və təhsil prosesində fəal iştirakını təmin edən əsas qüvvədir.
Qeyd etmək yerinə düşər ki, xüsusi təhsilin inkişafı üçün ən vacib şərtlərdən biri müəllimin peşəkar hazırlığı, fərdi yanaşma bacarığı və hər bir uşağın inkişafına inamıdır. Təhsil sistemində heç bir uşaq diqqətdən kənarda qalmamalı, hər kəsin öyrənmək, inkişaf etmək və cəmiyyətin fəal üzvünə çevrilmək imkanları təmin olunmalıdır.
Assosiasiyasının, xüsusilə AGMA-nın Bakı şəhəri üzrə koordinatorları Gülüzə Mehdiyeva və Şəfa Fərəcovanın təşəbbüsü, əzmkarlığı və böyük zəhməti sayəsində mümkün olmuşdur. Təlimin məzmununun zənginləşdirilməsində və iştirakçıların nəzəri biliklərinin, eləcə də praktik təcrübələrinin artırılmasında öz bilik və təcrübələrini bölüşən mütəxəssislərin də mühüm rolu olmuşdur.
Bu baxımdan, Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Firuzə Rzayeva, həmin fakültənin dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Səbinə Rüstəmova, eləcə də Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin nümayəndəsi, xüsusi təhsil üzrə supervayzer və ABA mütəxəssisi Xəqani Qayıbovun bu təlimin təşkilində və uğurla keçirilməsində göstərdikləri zəhməti xüsusi qeyd etmək istərdim. Onların peşəkar yanaşması, bilik və təcrübələrini bölüşməsi, eləcə də ümumi işə verdikləri töhfə tədbirin məzmun baxımından zənginləşməsində mühüm rol oynamışdır. İnanıram ki, bu cür səmərəli əməkdaşlıq gələcəkdə də davam edəcək və hər birinə yeni təşəbbüslərində uğurlar, daha böyük nailiyyətlər və birgə həyata keçiriləcək uğurlu layihələr arzulayıram.
Bu cür təşəbbüslərin həyata keçirilməsi müəllimlərin peşəkar inkişafına, xüsusi təhsil sahəsində müasir yanaşmaların tətbiqinə və daha humanist, əlçatan təhsil mühitinin formalaşmasına mühüm töhfə verir.
Unutmaq olmaz ki, hər bir uşağın inkişaf etmək potensialı var. Müəllimin əsas missiyası həmin potensialı görmək, üzə çıxarmaq və reallaşdırmaq üçün şərait yaratmaqdır.
Həqiqi inklüziv təhsil hər bir uşağın fərqliliyini qəbul etməkdən və ona bərabər inkişaf imkanları yaratmaqdan başlayır.