azturkxeber.az
http://azturkxeber.az

Zəfərə aparan yol: milli iradənin, dövlətçilik strategiyasının və tarixi ədalətin təntənəsi

07-11-2026

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində xüsusi yer tutan, milli iradənin, sarsılmaz birliyin və müstəqil dövlətçilik əzminin təntənəsini təcəssüm etdirən möhtəşəm tarixi hadisədir. Bu Qələbə yalnız 44 günlük Vətən müharibəsinin nəticəsi deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü iqtisadiyyatın, müasir ordu quruculuğunun, prinsipial diplomatiyanın və xalqın öz Lideri ətrafında birləşməsinin məntiqi yekunudur.

Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi Zəfər beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan milli haqqın bərpası, ərazi bütövlüyünün təmin edilməsi və dövlət suverenliyinin möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Bu Qələbə, eyni zamanda, Azərbaycan dövlətinin siyasi iradəsinin, hərbi qüdrətinin və beynəlxalq münasibətlər sistemində artan mövqeyinin nümayişi oldu.

1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü ölkəmizin ərazilərinin işğalı, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi, şəhər və kəndlərimizin dağıdılması, zəngin mədəni irsimizin məhv edilməsi ilə nəticələndi. Bir milyondan çox azərbaycanlı uzun illər qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə, xüsusilə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, münaqişənin həlli istiqamətində real nəticə əldə edilmədi.

Belə bir şəraitdə torpaqlarımızın azad olunması dövlətimizin əsas strateji hədəfinə çevrildi. Prezident İlham Əliyevin 2003-cü ildən etibarən həyata keçirdiyi siyasətin mərkəzində dövlətin gücləndirilməsi, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, beynəlxalq mövqelərin genişləndirilməsi və müdafiə qabiliyyətinin artırılması dayanırdı.

Azərbaycanın iqtisadi inkişafı, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi ölkənin geosiyasi mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər transmilli layihələr Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini artırmaqla yanaşı, ölkənin iqtisadi və siyasi müstəqilliyinin möhkəmlənməsinə xidmət etdi.

Eyni zamanda, ordu quruculuğu dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirildi. Müdafiə xərclərinin artırılması, Silahlı Qüvvələrin müasir silah və texnika ilə təchiz edilməsi, hərbi kadr hazırlığının təkmilləşdirilməsi və milli hərbi sənaye kompleksinin formalaşdırılması nəticəsində Azərbaycan regionun ən güclü ordularından birini yaratdı. Ölkədə müxtəlif növ hərbi texnika, pilotsuz uçuş aparatları, zirehli maşınlar və atıcı silahların istehsalının genişləndirilməsi müdafiə sənayesinin inkişafında mühüm mərhələ oldu.

Beləliklə, Azərbaycan uzun illər ərzində həm siyasi-diplomatik müstəvidə öz mövqeyini möhkəmləndirdi, həm də hərbi gücünü artıraraq gələcək Qələbənin zəruri şərtlərini formalaşdırdı.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə həyata keçirilən və “Dəmir yumruq” adlandırılan hərbi əməliyyat Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi.

44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, müasir hərbi texnologiyalardan istifadə bacarığını, peşəkarlığını və əsgər-zabit heyətinin misilsiz qəhrəmanlığını nümayiş etdirdi. Əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi, Şuşa və yüzlərlə kənd və strateji yüksəklik işğaldan azad edildi.

Noyabrın 8-də Şuşanın azad olunması müharibənin taleyini müəyyən edən həlledici hadisə oldu. Bu tarixi qələbə hərbi-strateji əhəmiyyəti ilə yanaşı, Azərbaycanın milli-mənəvi ruhunun və tarixi yaddaşının təntənəsi kimi də xüsusi məna daşıyırdı.

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Bununla da ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ başa çatdı.

Vətən müharibəsinin nəticəsi yalnız hərbi qələbə ilə məhdudlaşmadı. Azərbaycan Ordusu uzun illər formalaşdırılmış işğal reallığını dəyişdi, Ermənistanın hərbi-siyasi iddialarının əsassızlığını ortaya qoydu və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi.

Azərbaycanın Zəfəri hərbi əməliyyatlarla yanaşı, informasiya və diplomatiya cəbhəsində aparılan ardıcıl mübarizənin də nəticəsi idi. Müharibə dövründə Prezident İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələr Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Dövlət başçısı bu müsahibələr vasitəsilə münaqişənin tarixi və hüquqi əsaslarını, Ermənistanın təcavüzkar siyasətini, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini ardıcıl şəkildə izah etdi.

Bu baxımdan, Prezidentin müharibə dövründə həyata keçirdiyi informasiya siyasəti hərbi-diplomatik strategiyanın mühüm tərkib hissəsi idi. Azərbaycanın haqq səsinin beynəlxalq mediada eşidilməsi, ölkəmizə qarşı aparılan təzyiq kampaniyalarının qarşısının alınması və milli maraqların qətiyyətlə müdafiəsi diplomatik müstəvidə də əhəmiyyətli nəticələr verdi.

Qələbənin mühüm dayaqlarından biri də xalq-ordu birliyi idi. Vətən müharibəsi dövründə Azərbaycan cəmiyyəti misilsiz həmrəylik nümayiş etdirdi. Müxtəlif siyasi baxışlara, etnik və dini mənsubiyyətlərə malik vətəndaşların vahid milli məqsəd ətrafında birləşməsi ölkəmizin mənəvi gücünü nümayiş etdirdi. Siyasi partiyaların böyük əksəriyyətinin birgə bəyanatlarla Ali Baş Komandana dəstək ifadə etməsi də milli məsələlərdə həmrəyliyin əhəmiyyətini göstərdi.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların informasiya mübarizəsinə qoşulması, könüllülərin orduya dəstək göstərməsi, cəbhədə döyüşən hərbçilərin qəhrəmanlığı və arxa cəbhədə nümayiş etdirilən fədakarlıq “Dəmir yumruq” ifadəsini milli birliyin rəmzinə çevirdi.

2020-ci il Qələbəsi Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı olsa da, ölkəmizin bütün ərazilərində suverenliyin tam təmin edilməsi istiqamətində mühüm addımlar sonrakı dövrdə də davam etdirildi.

2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın dövlət sərhədləri üzərində suveren hüquqlarının təmin olunması baxımından mühüm hadisə oldu. Həmin il sentyabrın 19-da başlanan lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ iqtisadi rayonunda separatizmin mövcudluğuna son qoyuldu, Azərbaycan öz dövlət suverenliyini bütün ərazisində tam bərpa etdi.

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltması ölkəmizin müasir tarixində xüsusi rəmzi və siyasi məna daşıyan hadisə kimi yadda qaldı.

Beləliklə, 2020-ci ildə ərazi bütövlüyünün bərpası istiqamətində əldə olunan tarixi nəticələr 2023-cü ildə dövlət suverenliyinin tam təmin edilməsi ilə tamamlandı.

2025-ci il avqustun 7-8-də Vaşinqtonda keçirilən yüksək səviyyəli görüşlər və imzalanmış Birgə Bəyannamə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində mühüm mərhələ oldu. Sülh sazişi layihəsinin paraflanması, iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılması və TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı razılaşmalar regionun gələcək geosiyasi və iqtisadi mənzərəsi baxımından yeni imkanlar yaratdı.

Azərbaycanın mövqeyi ondan ibarətdir ki, dayanıqlı sülh beynəlxalq hüququn prinsiplərinə, qarşılıqlı suverenliyə, ərazi bütövlüyünə və dövlətlərin sərhədlərinin toxunulmazlığına əsaslanmalıdır. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və sülh sazişinin imzalanması üçün zəruri şərtlərin yerinə yetirilməsi bu prosesin əsas məsələləri olaraq qalır.

2025-ci il noyabrın 30-da ATƏT-in Minsk Prosesi və onun əlaqəli strukturlarının fəaliyyətinə xitam verilməsi də uzun illər nəticəsiz qalmış vasitəçilik mexanizminin tarixə qovuşması baxımından əhəmiyyətli hadisə oldu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış strategiyası Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsini dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirdi. 2022-ci ildə təsdiq edilən Birinci Dövlət Proqramı çərçivəsində yaşayış məntəqələrinin yenidən qurulması, yolların, tunellərin, hava limanlarının, elektrik və su təchizatı sistemlərinin, məktəblərin, xəstəxanaların və digər sosial infrastruktur obyektlərinin tikintisi istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.

Azad edilmiş ərazilərdə müasir şəhərsalma prinsipləri əsasında yeni yaşayış məntəqələrinin salınması, sənaye və kənd təsərrüfatı potensialının inkişaf etdirilməsi, nəqliyyat-kommunikasiya xətlərinin bərpası həmin ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasını sürətləndirməkdədir.

2026-cı il oktyabrın 23-dək 10 min 114 ailənin, ümumilikdə 40 min 922 nəfərin doğma yurdlarına qayıdışının təmin edilməsi Böyük Qayıdış prosesinin real nəticələrini nümayiş etdirir. Hazırda azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Qarabağ Universitetinin fəaliyyətə başlaması, DOST və ASAN xidmət mərkəzlərinin bölgədə qurulması, yeni iş yerlərinin yaradılması bu ərazilərdə sosial həyatın bərpasına xidmət edir.

Vətən müharibəsində əldə olunan Qələbənin arxasında minlərlə şəhidimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və hərbçilərimizin misilsiz şücaəti dayanır. Buna görə də şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsi postmüharibə dövründə dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirləri çərçivəsində şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması, tibbi və sosial reabilitasiyası, aylıq sosial ödənişlərlə əhatə edilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

2026-cı ilin oktyabr ayına olan göstəricilərə əsasən, postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçılarından ibarət 132 min şəxsə 443 min xidmət göstərilib, onlara 7 354 mənzil və 586 avtomobil təqdim olunub. 30,9 min şəxsin məşğulluğu təmin edilib, 106 min şəxsə 120 min aylıq sosial ödəniş təyin olunub.

Bu istiqamətdə dövlət təşəbbüslərini tamamlayan mühüm mexanizmlərdən biri də “YAŞAT” Fondudur. Fond indiyədək 19 791 şəxsi əhatə edib, şəhid ailələrinin və qazilərin sosial problemlərinin həllinə 96 milyon manata yaxın vəsait yönəldib.

Eyni zamanda, Vətən müharibəsində iştirak etmiş, igidlik və şücaət göstərmiş 160 minə yaxın hərbi qulluqçunun müxtəlif orden və medallarla təltif olunması dövlətin qəhrəman övladlarına verdiyi yüksək qiymətin ifadəsidir.

Azərbaycan xalqının tarixi Qələbəsinin yaddaşlarda yaşadılması və gələcək nəsillərə çatdırılması məqsədilə mühüm dövlət və ictimai təşəbbüslər həyata keçirilib. Zəfər Gününün təsis edilməsi, “Zəfər” və “Qarabağ” ordenlərinin, müxtəlif medalların təsis olunması, Zəfər paradının keçirilməsi və Hərbi Qənimətlər Parkının yaradılması bu istiqamətdə atılan mühüm addımlardır.

2024-cü il noyabrın 8-də Bakıda Zəfər parkının açılması tarixi Qələbənin memarlıq və mənəvi yaddaşda əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Parkın girişindəki 44 metrlik Zəfər tağı 44 günlük Vətən müharibəsinin rəmzi kimi ucaldılıb.

2025-ci il noyabrın 8-də Zəfər muzeyinin açılması isə xalqımızın qəhrəmanlıq tarixinin sistemli şəkildə təqdim olunmasına xidmət edir. Muzeydə Qarabağın tarixi, Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Şuşanın azad olunması, dövlət suverenliyinin bərpası və Böyük Qayıdış prosesini əks etdirən ekspozisiyalar yaradılıb.

Bununla yanaşı, Zəfər Günü münasibətilə 2021-ci ildə qəbul edilmiş amnistiya aktı, 2024-cü ildə Dövlət Suverenliyi Gününün təsis olunması da Azərbaycanın tarixi nailiyyətlərinin dövlətçilik yaddaşında möhkəmləndirilməsi istiqamətində atılmış addımlardır.

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində yalnız hərbi Qələbənin deyil, milli iradənin, güclü dövlətçiliyin, siyasi uzaqgörənliyin və tarixi ədalətin bərpasının rəmzidir. Bu Qələbə sübut etdi ki, milli maraqlarını qətiyyətlə müdafiə edən, iqtisadi və hərbi potensialını məqsədyönlü şəkildə inkişaf etdirən, xalqının birliyinə söykənən dövlət ən mürəkkəb geosiyasi şəraitdə belə öz strateji hədəflərinə nail ola bilər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi yol işğaldan azadlığa, hərbi qələbədən dövlət suverenliyinin tam bərpasına, müharibədən quruculuğa və regional qarşıdurmadan dayanıqlı sülh gündəliyinə doğru ardıcıl inkişaf mərhələlərini əhatə edir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, doğma torpaqlarına qayıdan insanların yenidən məskunlaşması, iqtisadi və sosial həyatın canlanması Zəfərin davam edən tarixi nəticələridir. Azərbaycan artıq öz gələcəyini qalib dövlət kimi qurur, regional və beynəlxalq proseslərdə mövqelərini möhkəmləndirir.

Zəfər Gününün ən böyük mənası isə ondadır ki, Azərbaycan xalqı öz birliyinə, dövlətinə və gələcəyinə olan inamını nümayiş etdirərək tarixinin yeni səhifəsini özü yazdı. Bu səhifə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi ilə yazılıb. Zəfər Azərbaycan dövlətçiliyinin əbədi qürur mənbəyi, gələcək nəsillər üçün isə milli həmrəyliyin, vətənpərvərliyin və dövlətə sədaqətin parlaq nümunəsi olaraq qalacaq.

Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30