"Məlumatlı ol, cinayət törətmə" - Qobustanda gənclər və yeniyetmələr üçün aksiya
Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu Qobustan Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində maarifləndirici aksiya keçirib.
Bu barədə İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana haqqında həqiqət”, "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar", "Məlumatlı ol, cinayət törətmə" və “Narkotiklər haqqında həqiqəti bilin” adlı yeni əyani vəsaitlər paylanılıb.
Aksiya zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə, xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunub. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellektəsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, hüquqi məlumatlandırma, inzibati məsuliyyət, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilib. Habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə asılılığın ilkin davranış və fizioloji əlamətlərinin vaxtında aşkarlanmasının əhəmiyyəti diqqətə çatdırılıb, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların doğurduğu fəsadlar, həmçinin narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:


