Gənclər Kitabxanasından yeni rəqəmsal memarlıq təqdimatları
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında həyata keçirilən "Ağıllı irs: Azərbaycan memarlığının rəqəmsal təqdimatı" layihəsi çərçivəsində Azərbaycanın zəngin memarlıq irsinin təbliği məqsədilə süni intellekt texnologiyalarının imkanlarından istifadə etməklə ölkəmizin tarixi-mədəni irsini əks etdirən dörd yeni rəqəmsal təqdimat hazırlanaraq oxucuların istifadəsinə təqdim edilib.
Bu barədə Azturkxeber.az-a kitabxanadan məlumat verilib.
Bildirilib ki, hazırlanan təqdimatlar "İşıqlı irs və möhtəşəm daş salnamə – Şuşa qalası", "Şuşanın işıqlanan mirası: Aşağı Gövhərağa məscidinin dirçəlişi", "Yuxarı Gövhərağa məscidi: Tarix, incəsənət və yenidən doğuş" və "Beynəlxalq Muğam Mərkəzi: Azərbaycan musiqisinin işıqlı məbədi" adlı materiallardır. Təqdimatlar müasir rəqəmsal həllər, dinamik vizual effektlər, süni intellekt vasitəsilə yaradılmış təsvirlər və multimedia elementləri ilə zənginləşdirilərək hazırlanıb.
Təqdimatlarda Azərbaycanın memarlıq tarixində xüsusi yer tutan bu möhtəşəm abidələrin yaranma tarixi, memarlıq xüsusiyyətləri, inşa edilmə səbəbləri, ölkəmizin tarixi və mədəni inkişafındakı rolu barədə geniş məlumat verilir. Eyni zamanda bu memarlıq nümunələrinin təkcə milli deyil, həm də dünya mədəni irsi baxımından əhəmiyyəti, Azərbaycan xalqının tarixi yaddaşının və milli kimliyinin qorunmasındakı rolu diqqətə çatdırılır.
Şuşa şəhərinin tarixi simvolu olan Şuşa qalası, Qarabağın dini-mədəni irsinin qiymətli nümunələri sayılan Aşağı və Yuxarı Gövhərağa məscidləri, eləcə də müasir Azərbaycan memarlığının ən uğurlu nümunələrindən biri olan Beynəlxalq Muğam Mərkəzi haqqında təqdim olunan məlumatlar istifadəçilərə bu abidələrin keçmişi ilə bu günü arasında əlaqəni aydın şəkildə izləməyə imkan yaradır. Təqdimatlarda tarixi faktlarla yanaşı, memarlıq elementləri, bədii-estetik xüsusiyyətlər və bu irs nümunələrinin gələcək nəsillərə ötürülməsinin vacibliyi də ön plana çəkilir.
Layihənin əsas məqsədi süni intellekt və rəqəmsal texnologiyaların imkanlarından istifadə etməklə Azərbaycanın zəngin memarlıq irsini müasir formatda təqdim etmək, gənc nəslin tarixi-mədəni irsə marağını artırmasına dəstək göstərməkdir.
"Ağıllı irs: Azərbaycan memarlığının rəqəmsal təqdimatı" layihəsi çərçivəsində hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:




