azturkxeber.az
http://azturkxeber.az

Çin 2030-cu ilədək enerji sektoruna 3 trilyon dollaradək investisiya yatıracaq

30-06-2026

Çin 2030-cu ilədək enerji sektoruna 3 trilyon dollaradək investisiya yatıracaq

Çin 2030-cu ilə qədər elektrik enerjisi istehsal gücünü, ötürmə infrastrukturunu və təmiz enerji texnologiyalarını genişləndirmək üçün enerji sektoruna təxminən 2,9 trilyon dollar (20 trilyon yuan) investisiya qoymağı hədəfləyir.

Azturkxeber.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin yeni enerji planında investisiyaların böyük bir hissəsinin elektrik enerjisi istehsalına və şəbəkə infrastrukturuna yönəldilməsi, eyni zamanda, külək və Günəş enerjisinin elektrik sisteminin əsasını təşkil etməsi gözlənilir.

İnvestisiyaların təxminən 2/3-si elektrik enerjisi istehsal müəssisələrinə, ¼-i isə şəbəkə infrastrukturuna ayrılacaq. Belə ki, 2,9 trilyon dollarlıq investisiyanının 65 faizi elektrik enerjisi istehsalı müəssisələrinə, 25 faizi şəbəkə infrastrukturuna, qalan təxminən 10 faizi isə yaşıl hidrogenə, virtual elektrik stansiyalarına və süni intellektlə işləyən enerji sistemlərinə ayrılması nəzərdə tutulur.

May ayında Çinin quraşdırılmış elektrik enerjisi gücü 4 teravatı keçib və 2030-cu ilə qədər bu gücün 5,4 teravata qədər artırılması hədəflənir. Həmçinin qeyri-qazıntı enerji mənbələrinin quraşdırılmış gücünün 3,5 teravata, külək və Günəş enerjisinin isə 2,8 teravata qədər artırılması nəzərdə tutulur. Məqsəd külək və Günəş enerjisinin quraşdırılmış enerji gücündəki payının 50 faizi keçməsi və elektrik enerjisi sisteminin əsasını təşkil etməsidir. Qeyri-qazıntı yanacaqlarının isə elektrik enerjisi istehsalındakı payının 50 faizə çatdırılması nəzərdə tutulur.

Bundan başqa, nüvə enerjisi üzrə quraşdırılma gücünün 110 giqavata, nasosla işləyən su elektrik stansiyalarının gücünün isə 160 giqavata qədər artırılması, batareya saxlama gücünün isə hazırkı 144,7 giqavatdan 300 giqavatta çatdırılması proqnozlaşdırılır. Ölkədə elektrik enerjisi istehlakının isə hər il təxminən 600 milyard kilovat-saat artaraq 2030-cu ildə 13,5 teravat-saata çatacağı gözlənilir.

Eyni zamanda, bərpaolunan enerji investisiyalarındakı ən böyük maneələrdən biri olan ötürmə gücünün artırılması məsələsini həll etmək üçün ölkənin iki əsas şəbəkə operatoru 2026-2030-cu illərdə bu sahəyə ümumilikdə 722 milyard dollar (5 trilyon yuan) sərmayə yatıracaq. Elektrik enerjisi üzrə ötürmə gücü 340 giqavatdan 420 giqavata qədər artırılacaq və 15 yeni ultra yüksəkgərginlikli ötürmə xətti istifadəyə veriləcək. Enerji tələb edən sənaye sahələrinin və süni intellekt məlumat mərkəzlərinin ölkənin qərb bölgələrindəki bərpaolunan enerji mərkəzlərinə yaxınlaşdırılması nəzərdə tutulur. Bu məqsədlə yaşıl hidrogen üzrə illik istehsal gücünün 250 min tondan 2 milyon tona çatdırılması, hidrogen və yaşıl metanol nəqli üçün infrastrukturun inkişaf etdirilməsi planlaşdırılır.

Çin, həmçinin elektrik nəqliyyat infrastrukturunu enerji sisteminin tərkib hissəsinə çevirməyi hədəfləyir. 2025-ci ilin sonunda 44 milyon olan yeni enerji nəqliyyat vasitələrinin sayının 2030-cu ilə qədər 110 milyona çatacağı, şarj məntəqələrinin sayının isə 22,5 milyondan 40 milyonadək artacağı proqnozlaşdırılır. Kömür və neft istehlakının isə 2030-cu ildən əvvəl pik həddə çatacağı və daha sonra azalacağı gözlənilir. Elektrik enerjisi sistemində kömürün rolununun əsas istehsal mənbəyindən təchizat təhlükəsizliyini dəstəkləyən ehtiyat tutuma keçirilməsi, eyni zamanda, neftin nəqliyyatda payının azaldılması və neft-kimya sektorunda əhəmiyyətinin artırılmasını nəzərdə tutulur.

Qeyd edək ki, Çin qlobal neft istehlakının təxminən 15 faizini, təbii qaz istehlakının 10 faizini və kömür istehlakının isə 55 faizini təşkil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930