Qarpızın və yemişin istehlakı zamanı nələrə diqqət etməliyik?
İsti yay günlərində həm orqanizmin su balansını qorumağa kömək edən, həm də sərinləşdirici təsir göstərən qarpız və yemişə tələbat əhəmiyyətli dərəcədə artır. Vitamin və minerallarla zəngin olan bu məhsulları alarkən bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ilk növbədə, məhsulun xarici görünüşü qiymətləndirilməlidir. İstehlakçılar qarpız və yemiş alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verməlidirlər. Üzərində müşahidə olunan sarı ləkələr məhsulun torpaqla təmas etdiyi yerlərdir.
Qabığının hamar, səthinin parlaq olması qarpızın təzə və yetişmiş olduğuna işarə edir. Əksinə, solğun görünüş köhnəliyin əlaməti hesab olunur. Saplağının yaşıl rəngdə olması qarpızın hələ tam yetişməməsinin, qurumuş olması isə yetişmiş olmasının göstəricisidir. Qarpız və yemişin üzərində çürümüş yer və çatlar olmamalıdır.
Bundan başqa, qarpız və yemiş torpaqla təmasda yetişdiyindən onların səthinin müxtəlif mikroorqanizmlərlə çirklənmə ehtimalı var. Qidamənşəli risklərin qarşısını almaq üçün qarpız və yemiş kəsilməzdən əvvəl axar su altında yaxşıca yuyulmalı, təmiz və quru bıçaqla doğranmalıdır.
Ümumiyyətlə, qarpızın və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Bütöv qarpızı 10-15°C, xırda hissələrə doğranılmış qarpızı isə ağzı kip qapaqlı qablarda +5°C temperaturda saxlamaq məsləhət görülür.
Bu barədə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: