Canımızdan keçərik, Türkiyədən keçmərik!

Hərbi ekspert Ədalət Verdiyev bununla bağlı öz "Facebook" hesabında paylaşım edib.
Azturkxeber.az paylaşımı təqdim edir.
Ekspert bildirib ki, Ermənistanın Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından, eləcə də qondarma "erməni soyqırımı" iddialarından imtina məqsədilə yeni Konstitusiyanın qəbuluna yönəlmiş addımlar atdığı bir dövrdə İsrailin qondarma "erməni soyqırımı"nı tanıması kökündən yanlış qərardır.
Onun fikrincə, Ermənistanın baş naziri bu qərarın Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərbə vuracağını nəzərə alaraq, əvvəlcə qapalı kanallar vasitəsilə, nəticə əldə olunmasa isə açıq bəyanatla etirazını bildirəcək.
Ədalət Verdiyev qeyd edib ki, İsrailin bu addımı ilk növbədə Türkiyənin Qəzza və İrana verdiyi siyasi və diplomatik dəstək fonunda yaranmış gərgin münasibətlərlə bağlıdır. Onun sözlərinə görə, bu qərar İsrail-Türkiyə münasibətlərini daha da gərginləşdirəcək, eyni zamanda Azərbaycanla əlaqələrə də mənfi təsir göstərəcək.
Ekspert hesab edir ki, bu qərar İsrailin öz maraqlarına da ziddir. O bildirib ki, belə bir addım yəhudilərin uzun illər beynəlxalq müstəvidə istifadə etdiyi "Holokost" mövzusunun müstəsna statusuna da mənfi təsir göstərə bilər.
Ədalət Verdiyev vurğulayıb ki, bu qərarın qəbulunu təşviq edənlər 1918-ci ilin mart-iyul aylarında erməni-daşnak və bolşevik silahlı dəstələrinin Quba qəzasında azərbaycanlılarla yanaşı, digər xalqlara, o cümlədən yəhudilərə qarşı törətdiyi kütləvi qırğınları, soyqırımı və etnik təmizləmə aktlarını unudublar.
Ekspertin sözlərinə görə, Türkiyə və Azərbaycan İsrailin bu qərarından ciddi itki ilə üzləşməyəcək. Lakin İsrail yəhudilərin ən təhlükəsiz yaşadığı ölkələrdən biri olan Azərbaycanla, həmçinin İslam aləmində və regionda mühüm söz sahibi olan etibarlı tərəfdaşını itirmək riski ilə qarşılaşacaq.
Ədalət Verdiyev xatırladıb ki, indiyədək müxtəlif illərdə 30 ölkə qondarma "erməni soyqırımı" iddialarını tanıyıb.
Avropa ölkələri: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Fransa, İtaliya, Kipr, Litva, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, İsveç, İsveçrə və Vatikan.
Amerika qitəsi: ABŞ, Argentina, Boliviya, Braziliya, Çili, Kanada, Meksika, Paraqvay, Uruqvay və Venesuela.
Yaxın Şərq və digər ölkələr: Livan və Suriya.
Ekspert qeyd edib ki, bu ölkələrin əksəriyyəti hazırda Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Onun sözlərinə görə, Azərbaycandan enerji resursları, Türkiyədən isə müdafiə sənayesi məhsulları almaqda maraqlı olan dövlətlərin qəbul etdiyi bu cür qərarlar indiyədək nə Azərbaycanın, nə də Türkiyənin milli maraqlarına ciddi təsir göstərib. Rəsmi və qeyri-rəsmi görüşlərdə həmin qərarlar, demək olar ki, gündəmə gətirilmir.
Ədalət Verdiyev əlavə edib ki, ABŞ, Rusiya, İtaliya, Polşa, Çexiya və Slovakiya kimi ölkələrin rəhbərləri belə qərarlara baxmayaraq, bu gün də Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafında maraqlıdırlar.
Ekspert hesab edir ki, İsrail rəhbərliyi xüsusilə bu qərarın qəbulunda son dərəcə ehtiyatlı davranmalı, mövcud əməkdaşlıq körpülərini dağıtmaqdan çəkinməli və Azərbaycanı seçim qarşısında qoymamalıdır.
"İsrail bizim müttəfiqimizdir. Pulunu ödəyərək ondan başqa ölkələrə satılmayan silahları almışıq. Lakin Türkiyə bizim təmənnasız və əbədi can qardaşımızdır.
Canımızdan keçərik, Türkiyədən keçmərik!" – deyə Ədalət Verdiyev vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: