azturkxeber.az
http://azturkxeber.az

Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişlənəcək

29-06-2026

Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişlənəcək

Sığortalanan əkin sahələri 1 milyon hektara, heyvanların sayı isə 100 min başa çatdırılacaq

Azərbaycanda dövlət dəstəyi ilə güzəştli şərtlərlə tətbiq edilən aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək. Bu, Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulur.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azturxeber.az-a bildirilib ki, proqrama əsasən, dövlət dəstəkli aqrar sığorta mexanizminin əhatə dairəsi və təminat verilən risklərin sırası daha da genişləndiriləcək. Nəticədə aqrar sığortanın əhatə etdiyi əkinlərin sahəsi 2025-ci ildəki 386 min hektardan 2030-cu ildə 1 milyon hektara, kənd təsərrüfatı heyvanlarının sayı isə 7 min başdan, 100 min başa çatdırılacaq.

Aqrar sığortanın əhatə dairəsinin də genişləndirilməsi gözlənilir. Bu məqsədlə aqrar sığorta mexanizmi çərçivəsində təminat verilən sığorta predmetlərinin və risklərin tərkibinin bitkiçilik, heyvandarlıq və balıqçılıq üzrə genişləndirilməsi istiqamətində təkliflər hazırlanacaq. Bundan başqa, “Aqrar sığorta” informasiya sisteminin funksional imkanlarının genişləndirilməsi, müstəqil aqrar sığorta ekspertləri institutunun inkişaf etdirilməsi nəzərdə tutulur.

Nəticədə aqrar sığorta xidmətlərinin tam elektronlaşdırılması təmin ediləcək, fermerlərin sığortaya əlçatanlığı artacaq, sığorta ödənişlərinin operativliyi təmin olunacaq.

Bundan başqa, aqrar sığorta haqlarının dövlət hesabına ödənilən hissəsinin subyektlərə, predmet və risklərə münasibətdə diferensiallaşdırılması nəzərdə tutulur. Bu məqsədlə dövlət dəstəyinin diferensiallaşdırılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi və aqrar sahədə diferensiallaşdırılmış sistemə keçidə başlanılması gözlənilir.

Qeyd edək ki, fermerlər rəqəmsal imkanlardan istifadə etməklə, olduğu yeri tərk etmədən əkin sahəsini və ya təsərrüfatını sığortalaya və «ASAN Pay» ödəniş sistemi ilə sığorta haqqını ödəyə bilər.

Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi (asf.gov.az), həmçinin 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930