Türkiyəli deputat AŞPA-da Azərbaycanı müdafiə edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Zeynep Yıldız Avropa Şurası Parlament Assambleyası-nın plenar iclasında çıxış edərək, qurumun Azərbaycana münasibətdə sərgilədiyi qərəzli yanaşmanı və ikili standartları tənqid edib.
Azturkxeber.az xəbər verir ki, deputat çıxışında Avropa Şurası-nın Nizamnaməsinə istinad edərək bildirib ki, təşkilatın əsas məqsədi üzv dövlətlər arasında daha sıx əməkdaşlıq və birliyi təşviq etməkdir. Onun sözlərinə görə, Assambleyada formalaşmış mövcud mühit bu prinsiplərlə uzlaşmır.
"Assambleyadakı mövcud mühit bəzi üzvləri ədalətsiz şəkildə hədəfə aldığı halda, digərlərini sorğu-sual edilmədən kənarda saxlayır. Avropa Şurasının qaydaları bütün üzv dövlətlərə bərabər şəkildə tətbiq olunmalıdır", – deyə Zeynep Yıldız vurğulayıb.
TBMM deputatı bildirib ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən dərhal sonra Azərbaycan nümayəndə heyətinin etibarnamələrinin müzakirəyə çıxarılması və nümayəndə heyətinin Assambleyadakı fəaliyyətinin məhdudlaşdırılması ədalətli yanaşma ilə uzlaşmır.
Zeynep Yıldız qeyd edib ki, Azərbaycanın regionda sülhün və dialoqun təşviqi istiqamətində səylər göstərdiyi bir dövrdə belə qərarların qəbul edilməsi qəbuledilməzdir və bu cür yanaşmalar beynəlxalq institutlara olan etimada mənfi təsir göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: