azturkxeber.az
http://azturkxeber.az

Hərbi attaşe: Azərbaycan Silahlı Qüvvələri hər zaman xalqımızın güvən mənbəyi olub

26-06-2026

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü münasibətilə Pekində mərasim keçirilib.

Azturkxeber.az xəbər verir ki, Çin Silahlı Qüvvələrinin yüksəkvəzifəli şəxslərinin, xarici dövlətlərin Pekindəki hərbi attaşelərinin, diplomatların, bu ölkədə yaşayan azərbaycanlıların iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin Dövlət himnləri səslənib.

Ölkəmizin Çindəki hərbi attaşesi Teyfur Rüstəmov 108-ci ildönümünü qeyd etdiyimz Silahlı Qüvvələrimizin Azərbaycanın müstəqil dövlətçiliyinin ən möhkəm dayaqlarından biri olduğunu bildirib, böyük fədakarlıq göstərən ordumuzun öz vətənini qorumaq yolunda həyatını qurban verən igidlərin timsalında xalqımızın iradəsini nümayiş etdirdiyini deyib.

“Bu gün 108-ci ildönümünü böyük qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələrində vahid komandanlığın təmin edilməsi, nizami ordu quruculuğu prosesinin prioritet məsələ elan olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımların nəticəsidir”, - deyən Teyfur Rüstəmov əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələri hər zaman xalqımızın güvən mənbəyi olub. 2020-ci ilin 44 günlük Vətən müharibəsi bunun ən bariz nümunəsidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilib, Azərbaycan Silahlı Qüvvələri misilsiz qəhrəmanlıq göstərib və dünya tarixində öz uğuru və peşəkarlığı ilə yadda qalıb. Həmin dövrdə hər bir əsgər və zabit işğal olunmuş ərazimizin azad edilməsi uğrunda canını ortaya qoyub.

“Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu ordu quruculuğu sahəsində də uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin müdafiə məsələlərini daim prioritet məsələ hesab edib. Bu istiqamətdə atılan addımlar ölkədə həyata keçirilən islahatların əsas tərkib hissələrindəndir”, -deyən hərbi attaşe əlavə edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri yalnız ölkəmizin müdafiəçisi deyil, həm də Qafqaz regionunda sülhün təminatçısıdır.

Polkovnik Teyfur Rüstəmov Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlarda fəal iştirak etməklə beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini verdiyini vurğulayıb.

Hərbi attaşe Azərbaycan-Çin əməkdaşlığının bütün sahələrdə inkişaf etdiyini bildirib, tərəflər arasında müntəzəm olaraq qarşılıqlı səfərlər, təcrübə mübadilələri, eləcə də hərbi təhsil proqramları və müdafiə texnologiyalarının öyrənilməsi həyata keçirildiyini deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930