azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Respublikasının təmsilçisi yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib

26-06-2026

26 iyun 2026-cı il tarixində Nyu-York şəhərində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına (CEDAW) tərəf dövlətlərin 24-cü iclası çərçivəsində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW Komitəsi) 2027–2031-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib.

Azturkxeber.az xəbər verir ki, 189 dövlətin iştirak etdiyi səsvermədə 133 səs toplayan Azərbaycan Respublikasının namizədi, beynəlxalq hüquq üzrə ekspert, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov CEDAW Komitəsinin növbəti müddət üçün yenidən üzvü seçilib.

Qeyd edək ki, Elgün Səfərov 2019–2026-cı illər üzrə CEDAW Komitəsinin üzvü olub. O, 2021-ci ildə Komitənin 78-ci sessiyasında sədr müavini vəzifəsinə seçilib. Hazırda isə Komitənin Fərdi Müraciətlərlə bağlı İşçi Qrupunun sədr müavini vəzifəsində fəaliyyət göstərir.

Elgün Səfərov Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsili alıb. Həmin ali təhsil müəssisəsində “BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin qorunması sahəsində fəaliyyəti” mövzusunda dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.

O, Raul Vallenberq İnsan Hüquqları və Humanitar Hüquq İnstitutunun (2008), Azərbaycan Diplomatik Akademiyasının İnsan Hüquqları və Humanitar Hüquq proqramının (2009), Cenevrədə yerləşən Beynəlxalq və İnkişaf Araşdırmaları İnstitutunun (2010), Beynəlxalq İdarəetmə Mərkəzi və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin birgə proqramının (2012), ADA Universitetinin Beynəlxalq Münasibətlər Məktəbinin (2014–2015), eləcə də ABŞ-nin EPAM şirkətinin rəhbərlər üçün nəzərdə tutulmuş proqramının (2025–2026) məzunudur.

Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2016-cı il tarixli Sərəncamı ilə ölkədə gender problemlərinin həlli və sosialyönümlü siyasətin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

24 ilə yaxın müddət ərzində insan hüquq və azadlıqlarının müdafiəsi, qadın və uşaq hüquqlarının təşviqi, beynəlxalq humanitar hüquq və digər sahələr üzrə BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda Azərbaycanı təmsil edib.

E.Səfərov uzun illər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Avropa Şurasının Gender bərabərliyi Komissiyasının (2007-2018-ci illər) fəaliyyətində iştirak edib.

Hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Kinematoqrafiya, audiovizual və rəqəmsal əsərlərin məzmununun qiymətləndirilməsi” üzrə Ekspert Şurasının, eləcə də Azərbaycan Milli Olimpiya Komitəsinin Təhlükəsiz İdman Komissiyasının üzvüdür.

Ekspert Azərbaycan və xarici ölkələrin ali təhsil müəssisələrində beynəlxalq hüquq, ailə hüququ, beynəlxalq humanitar hüquq və digər fənlər üzrə tədris fəaliyyəti ilə məşğul olub. Azərbaycan, ingilis və rus dillərində 100-dən artıq elmi məqalə və tədqiqatın müəllifidir.

Elgün Səfərovu bu nüfuzlu beynəlxalq quruma yenidən üzv seçilməsi münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930