Bahar Muradova: Mənzil siyasətlərində gender yanaşması daha inklüziv cəmiyyətlərin açarıdır





"Gender-transformativ mənzil siyasətlərinin urban inkişaf strategiyalarının ayrılmaz hissəsinə çevrilməsi xüsusi aktuallıq kəsb edir. Formal olaraq gender neytral görünən siyasətlər praktikada hər zaman bərabər nəticələr yaratmır və bu baxımdan qadınların müxtəlif ehtiyac və təcrübələrinin nəzərə alınması vacibdir."
Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova WUF13 çərçivəsində “Müxtəliflik içində olan bütün qadın və qızlar üçün adekvat mənzil təminatı” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı qeyd edib.
O bildirib ki, mənzil sistemlərinin effektivliyi insanların müxtəlif ehtiyaclarına cavab verməsi, xüsusilə qadınların təhlükəsizliyi, iqtisadi iştirakı və sosial dayanıqlılığı üçün nə dərəcədə əlverişli olması ilə ölçülür. Qadınların ehtiyac və təcrübələrini nəzərə alan mənzil sistemləri daha dayanıqlı şəhərlərin, daha güclü icmaların və daha inklüziv cəmiyyətlərin formalaşmasına mühüm töhfə verə bilər.
BMT-nin Meksikadakı Rezident Koordinatoru Allegra Maria del Pilar Baiocchinin moderatorluğu ilə keçirilən tədbirdə BMT Baş katibinin müavini və BMT Dayanıqlı İnkişaf Qrupunun sədri Amina J. Mohammed və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxın açılış nitqləri də dinlənilib.
Açılış mərhələsinin ardından təşkil olunan panel sessiyada qadın və qızlar üçün adekvat mənzil hüququnun təmin edilməsi istiqamətində hüquqi və institusional mexanizmlər, bu sahədə innovativ yanaşmalar və beynəlxalq təcrübələr ətrafında fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: