azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan-İtaliya münasibətləri: Çoxşaxəli strateji tərəfdaşlıq modeli

06-05-2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həyata keçirdiyi çoxşaxəli və praqmatik xarici siyasət kursunda Avropa dövlətləri ilə ikitərəfli münasibətlərin dərinləşdirilməsi prioritet istiqamətlərdən biridir. Bu kontekstdə İtaliya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək siyasi, iqtisadi, enerji və humanitar sahələrdə davamlı inkişaf dinamikası nümayiş etdirir.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan ilə İtaliya arasında qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan əməkdaşlıq modeli formalaşmış, yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanmış sənədlər bu münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirmişdir. Enerji sahəsində əməkdaşlıq, o cümlədən Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol, bu tərəfdaşlığın əsas sütunlarından birini təşkil edir.

Eyni zamanda, mədəniyyətlərarası dialoq, təhsil və turizm sahələrində əməkdaşlığın genişlənməsi iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə və xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir. Bu baxımdan Azərbaycan–İtaliya münasibətləri yalnız regional deyil, qlobal miqyasda da strateji əhəmiyyət kəsb edən uğurlu tərəfdaşlıq nümunəsidir.

İtaliya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci ildə tanımış, elə həmin ildə də ölkələrimiz arasında diplomatik əlaqələr qurulmuşdur.

2020-ci ilin 20 fevral tarixində Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində Roma şəhərində Azərbaycan Respublikasının Prezidenti və İtaliya Respublikasının Nazirlər Şurasının Sədri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında ən yüksək səviyyəli siyasi sənəd olmaqla növbəti illər ərzində münasibətlərin dərinləşdirilməsi üçün yol xəritəsini müəyyənləşdirmişdir.

Şübhəsiz ki, dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin inkişafına ali səviyyəli səfərlər öz töhfəsini verməkdədir.

Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ölkəmizə səfər etdi. Səfər çərçivəsində tərəflər təkbətək və geniş tərkibdə görüşlər keçirdi, mətbuata bəyanatlarla çıxış etdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorgia Meloni arasında Bakıda keçirilmiş görüş və verilən bəyanatlar dövlətlərimiz arasında münasibətlərin strateji mahiyyətini bir daha təsdiqlədi.

Azərbaycan və İtaliya arasında münasibətlərin təməli 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələri ilə qoyulub. Bu sənədlər siyasi dialoqun intensivliyini artırmaqla yanaşı, iqtisadi və enerji sahələrində qarşılıqlı asılılığı dərinləşdirən hüquqi baza rolunu oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu sənədlərdə təsbit olunan müddəalar artıq praktik müstəvidə öz real təzahürünü tapıb.

Baş nazir Ciorgia Meloninin regiondakı səfər marşrutunun əvvəl Ermənistan, daha sonra Azərbaycan – Bakı istiqamətində olması dövlətimizə verilən xüsusi siyasi önəmin göstəricisidir. Bu, eyni zamanda, İtaliyanın Cənubi Qafqaz siyasətində balanslaşdırılmış, lakin strateji baxımdan Azərbaycanın rolunu prioritet hesab edən yanaşmasının göstəricisidir.

Dövlət başçımız çıxışı zamanı İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olmasını xüsusi qeyd etdi. Bizim ticarət dövriyyəmiz artıq 12 milyard dollara çatıb, bu isə iqtisadi əlaqələrin yüksək dinamikasını nümayiş etdirir. Bu münasibətlərin əsasını isə enerji sektoru təşkil edir. Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdə qərarlaşaraq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Xüsusilə, Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələr Avropa bazarına alternativ və etibarlı enerji mənbələrinin çatdırılmasını təmin edir. Dövlət başçımız Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin genişləndirilməsidən də danışdı. 2025-ci ildə Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr qazın 9,5 milyard kubmetrinin İtaliyaya yönəldilməsi bu əməkdaşlığın real nəticələrini göstərir.

Prezident İlham Əliyev son dövrlərdə Azərbaycan–İtaliya münasibətlərində müşahidə olunan mühüm yeniliklərdən birinin də hərbi-texniki əməkdaşlıq sahəsində formalaşan tərəfdaşlıq olduğunu xatırlatdı. Bu istiqamətdə birgə istehsal, texnologiya transferi və sənaye kooperasiyası perspektivləri müzakirə olunub. İtaliya texnologiyası ilə Azərbaycanın maliyyə resurslarının sintezi hər iki tərəf üçün qarşılıqlı faydalı model yaradır və regional təhlükəsizlik arxitekturasına yeni çalarlar əlavə edir.

İtaliya şirkətlərinin Azərbaycanda uzunmüddətli və uğurlu fəaliyyəti iqtisadi əməkdaşlığın dayanıqlılığını təsdiqləyir. Hazırda 130-a yaxın İtaliya şirkətinin ölkədə fəaliyyət göstərməsi və xüsusilə işğaldan azad edilmiş ərazilərdə – Qarabağ və Şərqi Zəngəzurda – 23 layihənin icrası bu əməkdaşlığın coğrafiyasının genişləndiyini göstərir.

Eyni zamanda, Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına yatırdığı təxminən 3 milyard dollarlıq sərmayə qarşılıqlı investisiya axınlarının balanslı xarakter aldığını göstərir. Bu göstərici isə tərəfdaşlığımızın təkcə enerji ixracı ilə məhdudlaşmadığını, maliyyə və sənaye sektorlarına da yayıldığını nümayiş etdirir.

Dövlət başçımız ikitərəfli münasibətlərin uzunmüddətli dayanıqlığını təmin edən əsas amillərdən olan humanitar və təhsil sahəsində əməkdaşlıqdan da bəhs etdi. Bakıda fəaliyyətə başlayan İtaliya-Azərbaycan Universiteti bu baxımdan strateji əhəmiyyət daşıyır. Artıq yüzlərlə tələbənin təhsil aldığı bu ali təhsil müəssisəsi gələcəkdə ölkələrimiz arasında intellektual və mədəni körpü rolunu oynayacaq.

Bu kontekstdə təhsil əməkdaşlığı yalnız kadr hazırlığı ilə məhdudlaşmır, həm də qarşılıqlı imic formalaşdırılması, ictimai diplomatiya və uzunmüddətli strateji tərəfdaşlığın sosial bazasının genişləndirilməsi funksiyasını yerinə yetirir.

Azərbaycan–İtaliya münasibətləri klassik diplomatik əlaqələr çərçivəsindən çıxaraq çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilmişdir. Enerji təhlükəsizliyi, iqtisadi inteqrasiya, hərbi-texniki əməkdaşlıq və humanitar sahələrdə əldə olunan nailiyyətlər bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyini göstərir.

Prezident İlham Əliyev və Baş nazir Ciorgia Meloni arasında keçirilmiş son görüş isə bu tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu və tərəflərin regional və qlobal çağırışlara birgə cavab vermək niyyətində olduqlarını açıq şəkildə nümayiş etdirdi.

Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031