Reza Deqati Malta İncəsənət Biennalesi çərçivəsində Xocalı həqiqətlərini dünyaya çatdırıb






“SƏSSİZLƏRİN SƏSİ” MALTADA:
Reza Deqatinin "Qadınlar, Zəriflik Mübarizənin Fövqündə" sərgisi və Xocalıdan olan Qaratelin portreti 2026-cı il Malta Biennalesi çərçivəsində əlamətdar an yaratdı.
QİTƏLƏRİ AŞAN SƏRGİ
115-dən çox ölkədə onilliklər boyu çəkilmiş fotolardan ərsəyə gələn "Qadınlar, Zəriflik Mübarizənin Fövqündə" sadəcə bir foto sərgisi deyil, həyatın içindən gələn canlı həqiqətdir. Ziyarətçilər Reza Deqati obyektivi vasitəsilə hər qitədən qadınlarla qarşılaşır: müharibə zonalarında və açıq bazarlarda, kədərli və sevincli, matəmdə və ümidli. Onlar passiv obrazlar deyil, sivilizasiyaların qurucuları, yaddaşın daşıyıcıları və həyatda qalmağın yolunu tapanlardır.
Malta İncəsənət Şurasının qeyd etdiyi kimi, Rezanın fotoşəkilləri “kədər və əzablara biganə qalmır, lakin yalnız bunlarla məhdudlaşmır”.
Bu fotolar ziyarətçiləri yalnız qadınların üzləşdiyi çətinliklərlə deyil, həm də onların qeyri-adi zərifliyi və gözəlliyi, ailə və cəmiyyət daxilindəki rolu, eləcə də ortaq tariximizi necə formalaşdırdıqları ilə üz-üzə qoyur.
Reza Deqati sərgi çərçivəsində 5 maltalı fotoqrafı da seçərək onları auditoriyaya təqdim edib.
MALTA PREZİDENTİ SƏRGİNİ ZİYARƏT EDİB
Bu sərgiyə verilən yüksək rəsmi dəyərin göstəricisi olaraq, Maltanın ən yüksək vəzifəsini tutan üçüncü qadın və qadın hüquqları müdafiəçisi olan Malta Prezidenti Zati-aliləri Miriam Spiteri Debono 7 aprel 2026-cı ildə Rezanın özünün iştirakı ilə sərgini ziyarət etdi. Şahidi olduqları barədə televiziyada danışan Prezident, La Valetta meydanından çox kənarda da əks-səda doğuran sözlər dedi:
“Fotoqrafiya sənəti, bəli, mən onu məhz sənət adlandırıram, vizual sənətlərin ən həqiqi formasıdır.”
Reza haqqında isə o bildirdi:
“Reza, sənətkar və fotojurnalist kimi, həyatını dünyanın müxtəlif yerlərində bəşər hekayələrini sənədləşdirməyə həsr edib.”
Bunlar sadəcə rəsmi nəzakət sözləri deyildi. Müharibə, mübarizə, kədər içində olan ləyaqətli qadınların görüntüləri qarşısında səslənən bu fikirlər, Reza Deqatinin ömür boyu gördüyü işin əsl mənasının ölkənin ən ali səviyyəsində qəbul olunmasının ifadəsi idi.
Miriam Spiteri Debono bundan əvvəl, 10 mart 2026-cı il tarixində Malta Biennalesinin rəsmi açılış mərasimində də çıxış edərək tədbiri “fikrin yaradıcılıqla, irsin isə gələcəklə qovuşduğu məkan”, fotoqrafiyanı isə “insanları birləşdirən, düşünməyə çağıran və daha yaxşı bir reallıq axtarmağa ruhlandıran universal dil” adlandırmışdı.
MALTALI FOTOQRAFLAR VƏ MEDİA ÜÇÜN KONFRANS
Maltada olduğu müddətdə Reza Deqati 12 mart 2026-cı il tarixində University Old Campus məkanında “Qadın, Həyat, Azadlıq” adlı geniş ictimai konfransla çıxış etdi. Tədbir Maltada yaşayan fransızların Fransa-Malta Alyansı və Malta İncəsənət Şurası əməkdaşlığı ilə təşkil olunmuşdu.
Xüsusilə maltalı fotoqraflar, media nümayəndələri və vizual sənət üzrə təhsil alan gənclər üçün nəzərdə tutulan tədbir hər kəs üçün açıq və ödənişsiz idi.
1983-cü ildən etibarən münaqişə bölgələrində gənclərə könüllü şəkildə bilik və bacarıqlarını öyrətməyə başlayan Reza, bu dəfə də öz təcrübəsini, baxışını və insanlığını səmimi şəkildə iştirakçılarla bölüşdü.
Hər kəsin fikrincə, bu görüş Malta fotoqrafiya ictimaiyyətində uzun müddət xatırlanacaq iz buraxdı.
O, fotoşəkilləri vasitəsilə Qarabağın, Xocalının və Azərbaycanın suverenlik uğrunda mübarizəsinin hekayəsini iştirakçılara çatdırdı.
ƏN AĞIR YÜK: XOCALI, QARABAĞ VƏ HEÇ VAXT YADDAN ÇIXMAYAN QADIN
Lakin "Qadınlar, Zəriflik Mübarizənin Fövqündə" sərgisinin ümumbəşəri gözəlliyinin arxasında daha ağır və sarsıdıcı bir hekayə dayanır. Bu, Reza Deqatinin bütün maneələrə baxmayaraq otuz ildən artıq müddətdə ürəyində daşıdığı həqiqətdir. Xocalıda baş verənlərə şahid olduqdan və sağ qalan insanların kədərli hekayələrini dinlədikdən sonra, Reza Xocalıdan sağ çıxanların harayını 34 il boyunca özü ilə daşıdı, dünyaya çatdırdı.
Parisdə isə onu yalnız gördüklərinin mənəvi yükü yox, birbaşa təzyiqlər də gözləyirdi. Fransadakı erməni diasporu onun sərgilərini dağıtmaq üçün təşkilatlanmış cəhdlər göstərirdi. Lakin heç nə onu dayandıra bilmədi. O, sərgilər keçirdi. Kitablar nəşr etdi. Şahidlik etdi. Sağ qalanlara itkin düşmüş yaxınlarını tapmaqda kömək etmək üçün khojalywitness.org saytını yaratdı.
2014-cü ildə nəşr olunan “Günahsızların qırğını” kitabı bu gün də Xocalı barədə beynəlxalq aləmdə çap olunmuş ən mühüm foto-sənəd hesab olunur. O, “Xocalı: Yaralı ruhlar” sərgisini Bakıda, Brüsseldə, Vyanada və başqa şəhərlərdə nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində keçirdiyi konfranslarda Xocalı həqiqətlərindən danışdı.
Reza iştirak etdiyi bütün konfranslarda bildirib:
“43 ildir fotojurnalist kimi çalışıram. Dünyanın bir çox qaynar nöqtələrində olmuş, saysız faciələri lentə almışam. Lakin məni ən çox sarsıdan Xocalı soyqırımı oldu. Xocalı həqiqətlərini dünyaya çatdırmağı özümə borc hesab edirəm.”
QARATELİN FOTOŞƏKLİ: MALTADA ABİDƏYƏ ÇEVRİLƏN SİMVOL
2026-cı ildə Maltada, Florianada yerləşən Triton Meydanında Reza Deqati diqqətəlayiq və şəxsi bir addım atdı. O, sərgidəki ən böyük formatlı fotoşəkili, Xocalıdan olan yaşlı qadın Qaratelin monumental portretinin hazırlanmasını öz şəxsi vəsaiti hesabına həyata keçirdi.
Dərin kədərin iz saldığı siması ilə Qaratel uzun illərdir Xocalı faciəsinin əzablarını və ədalət çağırışını simvolizə edən ən güclü obrazlardan birinə çevrilib.
Aralıq dənizi səması fonunda nəhəng ölçüdə yüksələn bu fotoşəklin qarşısında dayanmaq, Rezanın illərlə nə uğrunda mübarizə apardığını anlamaq deməkdir.
Bu, sadəcə bir fotoşəkil deyil. Bu, şahidliyin özüdür. Bu, manifestdir. Dövlət başçısının iştirak etdiyi, UNESCO himayəsi ilə keçirilən beynəlxalq tədbirdə açıq şəkildə verilən mesajdır: səsi eşidilməyənlər də eşidiləcək.
BU ƏSƏRƏ LAYİQ PLATFORMA
Heritage Malta və Malta İncəsənət Şurası tərəfdaşlığı ilə təşkil olunan 2026-cı il Malta Biennalesi Aralıq dənizi regionunda müasir incəsənətin sadəcə dekorativ məqsəd daşımadığını bir daha göstərdi.
Bu sənət, Miriam Spiteri Debononun dediyi kimi, insanları birləşdirən, düşünməyə çağıran və daha yaxşı bir reallıq axtarmağa ruhlandıran bir dildir.
Reza Deqatinin Maltadakı iştirakı, sərgisi, konfransı və Xocalı qadınına həsr olunmuş monumental portret reallığın gözlə görünən təcəssümünə çevrildi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: