Naxçıvanda ürək-damar xəstəliklərinin müasir diaqnostika və müalicə yanaşmalarına dair elmi təqdimatlar edilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində ilk dəfə “Naxçıvan Sağlamlıq Günləri” və “1-ci Naxçıvan Kardioloji Forumu” tədbirləri keçirilib.
Elmi-Tədqiqat Kardiologiya İnstitutundan verilən məlumata görə, tədbirin əsas məqsədi region əhalisinin sağlamlığının qorunması, tibbi xidmətlərin əlçatanlığının artırılması, profilaktik müayinələrin genişləndirilməsi, eləcə də səhiyyə sahəsində müasir elmi nailiyyətlərin tətbiqinin təşviq edilməsindən ibarət olub.
Layihə çərçivəsində mayın 4-də vətəndaşlar üçün genişmiqyaslı profilaktik tibbi müayinələr aparılıb, eyni zamanda, tibb işçilərinin peşə bilik və bacarıqlarının artırılması məqsədilə təlim kursları təşkil olunub.
Mayın 5-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında “1-ci Naxçıvan Kardioloji Forumu” öz işinə başlayıb. Forumda Naxçıvan Muxtar Respublikasının səhiyyə rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, ölkənin aparıcı kardioloqları və beynəlxalq ekspertlər iştirak ediblər. Tədbir çərçivəsində ürək-damar xəstəliklərinin müasir diaqnostika və müalicə yanaşmaları müzakirə olunub, elmi təqdimatlar edilib.
Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Rəşadət Nabatov iştirakçıları salamlayaraq forumun işinə uğurlar arzulayıb. Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova isə qeyd edib ki, bu təşəbbüs ilk dəfə olaraq Naxçıvanda genişmiqyaslı şəkildə həyata keçirilir və məqsəd əhaliyə daha yaxın xidmət göstərmək, tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaq, eləcə də ən son elmi yenilikləri tibb ictimaiyyəti ilə bölüşməkdir. Tədbir Səhiyyə Nazirliyi tərəfindən 15 DTT ilə akkreditasiya olunub.
Tədbirin gələcək illərdə də davam etdirilməsi və regionda səhiyyənin inkişafına töhfə verməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:









