Avropa parlamentinin qərəzli qətnamələri və Azərbaycana qarşı siyasi təzyiq kampaniyası

Avropa Parlamenti növbəti dəfə ölkəmizə qarşı qərəzli, saxta qətnamə qəbul etdi. Ümumiyyətlə, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamənin heç bir əhəmiyyəti yoxdur və beynəlxalq hüquqa zidd bir sənəddir. Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur və Avropa İttifaqının Parlamentinin İttifaqa üzv olmayan dövlət haqqında qətnamə çıxarmaq mandatı yoxdur. Bu qətnamənin qəbul edilməsində fəal iştirak edən qüvvələr hər kəsə, hətta bu quruma rəhbərlik edən şəxslərə də məlumdur. Avropa Parlamenti uzun illərdir dünyadakı erməni təşkilatlarının lobbisinin əlində oyuncaq olmuş, korrupsiyalaşmış bir təşkilata çevrilmişdir. Bir neçə il bundan əvvəl AP-nin rəhbər şəxsinin və deputatlarının rüsvətxorluqda ittiham edilərək həbs olunması təşkilatın əsl simasını üzə çıxardı.
2020-ci ildən AP Azərbaycana qarşı 10-dan çox bu cür qərəzli qətnamələr qəbul etmişdir. Avropalı parlamentarilər xalqımıza qarşı dəhşətli cinayətlər törətdiklərinə, Azərbaycan ərazisində separatizm və terrorçuluqla məşğul olduqlarına görə məhkum olunan şəxsləri "müharibə əsiri", "siyasi məhbus" kimi təqdim edirlər. Qətnamədə Qarabağdan ermənilərin guya zorla qovulması və ermənilərə məxsus dini abidələrin dağıdılması ilə bağlı səsləndirilən fikirlər siyasi avantüranın bariz nümunəsidir. Əslində 30 il torpaqlarımızı işğalda saxlayan ermənilər əsl barbarlıq etmişdilər. Şəhər və kəndlərimizi viran qoymuş, məscidlərimizi dağıdaraq heyvan tövləsinə çevirmişdilər. Buraya səfər edən avropalı diplomatlar, siyasətçilər, jurnalistlər bütün bunları öz gözləri ilə görmüşdülər. Nədənsə nə AP, nə də AŞPA bu hərəkətləri qınayan bir qətnamə belə qəbul etmədilər. Bu gün Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərimizi yenidən qurur, dağıdılmış bütün dini tarixi abidələr bərpa olunur. AP isə bütün bunları görməməzliyə vurur. Səbəbi məlumdur, onlar regionda sülhün, sabitliyin yaranması ilə barışmaq istəmirlər.
Prezident cənab İlham Əliyev çıxışlarında da bildirmişdi ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, öz ərazisində separatizmin kökünü kəsməsini bir sıra qüvvələr qəbul edə bilməyəcək və bizə qarşı təzyiqlər davam edəcək. Ölkə başçımızın iradəsi və qətiyyəti sayəsində Cənubi Qafqazda sülh və sabitliyin təməli qoyuldu. Məhz bu reallığa söykənən tarixi Vaşinqton razılaşması nəticəsində Azərbaycanla Ermənistan böyük sülh sazışınə olduqca yaxındır və bütün dünyada Prezidentimizin bu təşəbbüsünün beynəlxalq səviyyədə dəstəklənməsi anti-Azərbaycan qüvvələrini bərk narahat edir. Azərbaycana qarşı yönəlmiş istənilən təzyiq kampaniyasına dövlətimiz tərəfindən siyasi, diplomatik və parlament səviyyəsində layiqli cavab verilir.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: