Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatasının sədri ilə görüşüb







Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatasının sədri Mohamed Ould Erraşid ilə görüşüb.
Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, siyasi dialoqun inkişafından, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylikdən məmnunluq ifadə olunub.
Görüşdə parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafında mühüm alət olduğu qeyd olunub. Bu baxımdan parlament komitələri və dostluq qrupları arasında təmasların genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tərəflər həmçinin parlamentlərarası əməkdaşlıq baxımından Parlamentlərarası İttifaq və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi kimi platformaların rolunu vurğulayaraq, bu çərçivədə qarşılıqlı fəaliyyətin və koordinasiyanın gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər.
Milli Məclisin sədri Sahibə Qafarova Mohamed Ould Erraşidin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirakını və çıxışını yüksək qiymətləndirib.
Görüşdən sonra Azərbaycan Respublikası Milli Məclisi ilə Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb.
Spiker Sahibə Qafarova deyib ki, Anlaşma Memorandumu parlamentlərarası institusional əməkdaşlığın genişləndirilməsinə, o cümlədən komitələr və dostluq qrupları arasında əlaqələrin gücləndirilməsinə, beynəlxalq platformalarda fəaliyyətin daha səmərəli əlaqələndirilməsinə imkan verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: