Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci konfransı keçirilib





Türkiyənin İstanbul şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci konfransı keçirilib.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, 50-yə yaxın ölkədən və beynəlxalq təşkilatdan olan nümayəndə heyətlərindən 130-a yaxın nümayəndənin iştirak etdiyi konfrans "Qoşulmama Hərəkatı regionunda iqlimə davamlı urbanizasiyanın təmin edilməsində parlamentlərin rolu" mövzusuna həsr edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Milli Məclisinin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova konfrans iştirakçılarını salamlayaraq, bu il 1961-ci ilin sentyabrında Belqradda keçirilmiş Birinci Zirvə Konfransında Qoşulmama Hərəkatının yaradılmasının 65-ci ildönümünün qeyd olunduğunu xatırladıb. Onun sözlərinə görə, 65 il keçməsinə baxmayaraq, həmin ilk konfransın dünyada sülhə və təhlükəsizliyə daha effektiv töhfə vermək, xalqlar arasında sülh və əməkdaşlığı təşviq etmək kimi məqsədləri bu gün də aktuallığını itirməyib. Sahibə Qafarova deyib ki, geosiyasi gərginliklər, silahlı münaqişələr, iqtisadi bərabərsizliklər, iqlim dəyişikliyi və digər mürəkkəb qlobal problemlər kimi ciddi çağırışlar bu problemlərlə mübarizə aparmaq üçün birlikdə hərəkət etməyi tələb edir. Bu gün siyasi müzakirələrin əsasən bu məsələlərin həllinə yönəldiyi bir vaxtda, Qoşulmama Hərəkatının əsas prinsipləri və məqsədləri irəliyə doğru addımlamaq üçün əvəzsiz istiqamət göstərir.
Milli Məclisin sədri hazırda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə parlament nümayəndələri və tərəfdaş təşkilatlar tərəfindən göstərilən böyük maraqdan məmnunluğunu ifadə edərək, üzv parlament nümayəndələrinin Şəbəkənin fəaliyyətində fəal iştirakının yalnız parlamentarilərin öz hökumətlərinin səylərini tamamlamağa olan qətiyyətini deyil, eyni zamanda Hərəkatın məqsədlərinin həyata keçirilməsində rolunun artdığını da nümayiş etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, Parlament Şəbəkəsi çərçivəsində aparılan dialoq və birgə səylər parlament vasitələri ilə sülhə, sabitliyə, inkişafa və rifaha nail olmaq öhdəliyinin sübutudur. Spiker Sahibə Qafarova bu kontekstdə Parlament Şəbəkəsinin institusional mexanizmlərinin və təşkilati strukturunun daha da inkişaf etdirilməsinin və gücləndirilməsinin xüsusi əhəmiyyətini qeyd edib və inamını ifadə edib ki, bu konfransda aparılan müzakirələr və qəbul ediləcək qərarlar onun bütün potensialını üzə çıxarmağa kömək edəcək.
Çıxışda qeyd olunub ki, 2025-ci ilin aprel ayında Daşkənddə keçirilmiş son konfransdan keçən dövrdə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi fəaliyyət dairəsini və beynəlxalq rolunu genişləndirməyə davam edib. Spiker Sahibə Qafarova özünün Parlament Şəbəkəsinin sədri kimi xarici səfərləri, görüşləri və beynəlxalq konfranslardakı çıxışları zamanı təşkilatın rolunun və fəaliyyətinin təşviqini daim prioritet hesab etdiyini və Şəbəkənin mühüm rolunu xüsusi vurğuladığını xatırladıb. Bildirilib ki, 2025-ci ilin aprelindən bu günədək üzv ölkələrin parlament rəhbərləri və hökumət rəsmiləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə təxminən 35 görüş keçirilib. Bu görüşlərdə platformanın effektivliyinin daha da artırılması və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi məsələlərinə diqqət yetirilib.
Parlament Şəbəkəsinin beşinci konfransının mövzusunun aktuallığını qeyd edən Milli Məclisin sədri bildirib ki, bu gün dünyada təxminən 3 milyard insan qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır ki, onlardan 1,1 milyarddan çoxu qeyri-rəsmi yaşayış yerlərində məskunlaşıb, 300 milyondan çox insan isə evsizlik problemi ilə üzləşir. Onun sözlərinə görə, qlobal mənzil böhranı sürətlə dərinləşməkdə davam edir, bu isə bütün regionlara, xüsusilə inkişaf etməkdə olan ölkələrə təsir göstərir, eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərini zəiflədir.
Çıxışında Sahibə Qafarova Azərbaycanın evsahibliyi ilə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası haqqında da mıəlumat verib. Bildirilib ki, cari ilin may ayında Bakı şəhərində keçiriləcək sessiya "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunacaq. Spiker deyib ki, bu Forum sürətli urbanizasiya ilə bağlı problemlərin həlli və bunun şəhərlərə, milli iqtisadiyyatlara və iqlim dəyişikliyinə təsirinin qiymətləndirilməsi məqsədilə yaradılmış yüksək səviyyəli beynəlxalq platformadır. O, həmçinin vurğulayıb ki, COP29-a uğurla ev sahibliyi etdikdən sonra bu qlobal tədbir Azərbaycanın ümumi çağırışlar qarşısında birgə səyləri birləşdirmək bacarığına göstərilən etimadın növbəti təzahürüdür. 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edildiyini xatırladan Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan şəhərsalma sahəsində zəngin təcrübəyə malikdir. Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə əvvəllər işğal altında olmuş və tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti və bərpa layihələrini həyata keçirir. Həmin ərazilərdə yeni yaşayış məntəqələri, nəqliyyat, enerji və iqtisadi infrastruktur qabaqcıl şəhərsalma prinsipləri əsasında qurulur və burada “yaşıl enerji zonası”, “ağıllı şəhər” və “sıfır tullantı” kimi innovativ konsepsiyalar tətbiq olunur. Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı ilə tərəfdaşlıq çərçivəsində təşkil olunmuş üç milli şəhər forumu təcrübə və yeni təşəbbüslərin paylaşılması üçün mühüm platforma rolunu oynayıb və bu sahədə əməkdaşlığın gücləndirilməsinə töhfə verib.
Qeyd olunub ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Yeni Şəhər Gündəliyinin icrasının aralıq qiymətləndirilməsi olacaq. Bu tədbirdə son onilliyə nəzər salınacaq və 2036-cı ilə qədər prioritetlər müəyyənləşdiriləcək. Spiker Sahibə Qafarova bütün üzvləri Forumun gündəliyində fəal iştirak etməyə və sürətli urbanizasiya ilə bağlı problemlərin həllində onun nəticələrini diqqətlə nəzərdən keçirməyə çağırıb. Milli Məclisin sədri vurğulayıb ki, kompleks yanaşmanı tətbiq etməklə və mövcud ən yaxşı təcrübələrdən faydalanaraq, parlamentarilər effektiv həllərin formalaşdırılmasına və milli hökumətlər tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərməklə mühüm töhfə verə bilər. Bu kontekstdə o, gələcəyin şəhərlərinin inklüziv, dayanıqlı olması və ən əsası, hər bir vətəndaş üçün layiqli yaşayış şəraitinin təmin olunması üçün birgə fəaliyyətə çağırış edib.
Çıxışının sonunda spiker Sahibə Qafarova bir daha əminliyini ifadə edib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi öz fəaliyyəti vasitəsilə parlamentlərarası əməkdaşlığın inkişafında, ümumi dəyərlərin təşviqində, dialoqun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm rol oynamaqda davam edəcək.
Sonra konfransda Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Parlamentlərarası İttifaqın Prezidenti Tulia Akson, İttifaqın Baş katibi Martin Çunkonq, Özbəkistan Respubliaksı Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali, Misir Ərəb Respublikası Nümayəndələr Palatasının sədri Hişam Badavi, Malavi Milli Assambleyasının sədri Samir Suleman, Maldiv Xalq Məclisinin sədri Abdul Rahim Abdulla, Mərakeş Müşavirlər Palatasının sədri Mohamed Ould Erraşid, Nepal Milli Assambleyanın sədri Narayan Prasad Dahal, Ərəb Parlamentinin Prezidenti Mohamed Ahmed Alyammahi, Qlobal Tolerantlıq və Sülh Şurasının prezidenti Ahmed Aljarvan, Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsən, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının Baş katibi Çem Vidhya, Liviya Nümayəndələr Palatasının sədr müavini, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədr müavini Fouzi Salim, Bəhreyn Şura Məclisi sədrinin birinci müavini Camal Məhəmməd Abdulrəhman Faxro, Belarus Milli Assambleyanın Respublika Şurasının Beynəlxalq məsələlər və milli təhlükəsizlik üzrə daimi komissiyasının sədri Sergey Aleynik, Laos Milli Assambleyasının sədr müavini Soutxon Xayaçak, Qambiya Milli Assambleyanın üzvü Kebba Lanq Fofana və digərləri çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Azərbaycan Milli Məclisinin sədrliyi ilə institusional inkişafı və təşkilatın beynəxalq nüfuzunun artırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Çıxış edənlər, həmçinin konfransın həsr olunduğu "Qoşulmama Hərəkatı regionunda iqlimə davamlı urbanizasiyanın təmin edilməsində parlamentlərin rolu" mövzusunun aktuallığı barədə fikirlərini bölüşüblər, təkliflərini səsləndiriblər. Konfransın sonunda İstanbul Bəyannaməsi qəbul olunub.
Tədbirdə, həmçinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda qərargahının yaradılması və Ərəb Parlamentinə Parlament Şəbəkəsində müşahidəçi statusunun verilməsi haqqında da qərarlar qəbul olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: